...

Azərbaycanda dörd və daha artıq fəndən illik "iki" alan şagirdlər təkrar sinifdə saxlanılacaq

Cəmiyyət Materials 1 May 2014 13:21 (UTC +04:00)
Yeni qaydalara əsasən, Azərbaycanda dörd və daha artıq fəndən illik "qeyri-kafi" qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq.
Azərbaycanda dörd və daha artıq fəndən illik "iki" alan şagirdlər təkrar sinifdə saxlanılacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Yeni qaydalara əsasən, Azərbaycanda dörd və daha artıq fəndən illik "qeyri-kafi" qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda "Təhsil müəssisələrində şagirdlərin sinifdən sinfə keçirilməsi haqqında" Müvəqqəti Qaydaları təsdiq edən əmr imzalayıb.

C.Valehovun sözlərinə görə, yeni qaydalara əsasən bir və üç fəndən illik "kafi" qiymət alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları verilir: "Həmin yeniyetmə yay müddətində hazırlaşaraq avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verə bilər. Təkcə imtahan verdiyi halda, o, sinifdə saxlanılmayıb növbəti tədris pilləsinə qəbul oluna bilər. Əgər gənc yay tədris tapşırığından yenidən "qeyri-kafi" qiymət alırsa, o zaman həmin gənc təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir".

O bildirib ki, yeni qaydalara əsasən, əgər şagird ikinci yarımildə bu və digər fəndən "qeyri-kafi" qiymət alıbsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz.

C.Valehov qeyd edib ki, özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti