...

Azərbaycanda məcburi köçkünlər üçün müxtəlif layihələr həyata keçiriləcək

Cəmiyyət Materials 3 İyul 2014 20:13 (UTC +04:00)
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Norveçin "Norveç Humanitar Müəssisəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmuş Nil Uilyamsı qəbul edib.
Azərbaycanda məcburi köçkünlər üçün müxtəlif layihələr həyata keçiriləcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Norveçin "Norveç Humanitar Müəssisəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmuş Nil Uilyamsı qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, yeni təyinatı münasibətilə qonağı təbrik edən Baş nazirin müavini Ə.Həsənov ona gələcək fəaliyyətində uğurlar arzulamaqla yanaşı, həmçinin onun rəhbər təyin edilməmişdən əvvəl uzun müddət bu təşkilatda çalışdığını və qazandığı təcrübəni nəzərə alaraq hökumətlə şəffaf əməkdaşlıq şəraitində, Azərbaycanın milli qanunvericiliyinə və qurumun baş ofisinin nizamnaməsinə uyğun şəkildə çalışacağına əminliyini bildirib.

Ölkəmizdə fəaliyyət göstərən bütün beynəlxalq humanitar təşkilatlar kimi Norveçin adıçəkilən beynəlxalq humanitar təşkilatı üçün də Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradıldığını və onların əsas fəaliyyətlərinin qaçqın və məcburi köçkünlərin, aztəminatlı əhalinin müəyyən problemlərinin həllinə, bu baxımdan müxtəlif məqsədə uyğun layihələrin həyata keçirilməsinə yönəldiyini nəzərə alaraq Ə.Həsənov görüşdə daha mühüm əhəmiyyət kəsb edən layihələrin - qaçqın və məcburi köçkünlərin reabilitasiyası, məşğulluğu, onlar arasında təhsilin, səhiyyə xidmətinin yaxşılaşdırılması, əmək vərdişlərinin bərpası və sair kimi layihələrin həyata keçirilməsinin vacibliyini önə çəkib, bunlarla bağlı müəyyən tövsiyyələrini verib.

Azərbaycan dövlətinin bu gün qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllini tam öz üzərinə götürdüyünü diqqətə çatdıran Ə.Həsənov buna baxmayaraq ölkədə çalışan beynəlxalq humanitar təşkilatların fəaliyyətini davam etdirməsinin iqtisadi baxımdan daha çox siyasi əhəmiyyət daşıdığını önə çəkərək bildirib ki, bütün bunlar bu sahədə milli kadrların yetişdirilməsində və formalaşmasında, ən başlıcası isə problemin bu gün də həll olunmamış qaldığının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm önəm daşıyır.

Səmimi qəbula, dəyərli tövsiyyələrə görə minnətdarlığını bildirən N.Uilyams əmin edib ki, fəaliyyətlərini verilən tövsiyyələrə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən qarşıya qoyulan vəzifələrə uyğun qurmaqla Azərbaycandakı qaçqın və məcburi köçkünlərin, aztəminatlı əhalinin müəyyən problemlərinin həllinə kömək göstərmək üçün bütün imkanlardan istifadə edərək rəhbərlik etdiyi qurumun şəffaf və məqsədyönlü fəaliyyəti üçün nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsinə çalışacaq.

O, sonda qeyd edib ki, bu məqsədlə müxtəlif təlim və konfransların həyata keçirilməsi, müvafiq proqram çərçivəsində iyul-avqust ayları ərzində qaçqın və məcburi köçkünlər üçün salınmış ərazilərdə ehtiyacların qiymətləndirilməsi və yeni layihə təşkili sahəsində araşdırılmalar aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti