...

Gömrük Komitəsi: Azərbaycanda dərman preparatlarının idxalına ciddi nəzarət olunur

Cəmiyyət Materials 2 Sentyabr 2014 16:43 (UTC +04:00)
Azərbaycanda dərman preparatlarının idxalı üzərində ciddi nəzarət həyata keçirilir.
Gömrük Komitəsi: Azərbaycanda dərman preparatlarının idxalına ciddi nəzarət olunur

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanda dərman preparatlarının idxalı üzərində ciddi nəzarət həyata keçirilir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanları ölkəyə lisenziyası, icazəsi və digər müvafiq sənədləri olmayan dərman preparatlarının gətirilməsinin qarşısını alırlar. Lakin vətəndaşlar tərəfindən aşağı keyfiyyətli preparatların gətirilməsinin qarşısını almaq mümkün deyil.

Komitə sədri qeyd edib ki, gömrük orqanlarının səlahiyyətinə dövriyyədən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının çıxarılması daxildir: "Amma təəssüf ki, bəzi vətəndaşlar başqa ölkələrdə olarkən resept əsasında şəxsi istifadə üçün nəzərdə tutulan dərmanlar alırlar. Bu zaman biz artıq hər hansı tədbir görə bilmirik".

Dövlət qeydiyyatından keçməmiş dərman preparatlarının idxalı Azərbaycan Səhiyyə Nazirliyinin və ya onun səlahiyyətli qurumunun icazəsi əsasında həyata keçirilir.

Qeydiyyatdan keçməmiş dərman preparatlarının gətirilməsi üçün istehsalçı ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etməlidir. Ərizədə bu preparatların idxalının məqsədi, dərman vasitəsinin ticarət adı, beynəlxalq patentlənməmiş adı, farmakoterapevtik qrupu, dərmanın forması və dozası, qablaşdırmada ümumi miqdarı, istehsalçının adı və ünvanı, istehsalçı ölkənin səlahiyyətli orqanı tərəfindən istehsal lisenziyası, keyfiyyət sertifikatı göstərilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti