...

Vilnüs Texniki Universitetinin dekanı: Azərbaycanlı tələbələr hazırlıqlı, motivasiyalı və ünsiyyətcildirlər (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2014 19:50 (UTC +04:00)
Gediminas adına Vilnüs Texniki Universiteti (VGTU) daha çox azərbaycanlı tələbəni qəbul etməyə hazırdır.
Vilnüs Texniki Universitetinin dekanı: Azərbaycanlı tələbələr hazırlıqlı, motivasiyalı və ünsiyyətcildirlər (FOTO)

Vilnüs, Litva, 8 oktyabr /Trend, müxbir Elçin Hüseynov/

Gediminas adına Vilnüs Texniki Universiteti (VGTU) daha çox azərbaycanlı tələbəni qəbul etməyə hazırdır. Trend-in məlumatına görə, bunu universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Asta Radzyaviçene Vilnüsdə azərbaycanlı jurnalistlərə deyib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr artıq dördüncü ildir gəlirlər və Biznes-menecment fakültəsində onların sayı hazırda 25-ə çatır.

VGTU-nun Biznes-menecment fakültəsinin dekanı Yelena Stankyaviçene bildirib ki, azərbaycanlı tələbələrin baza bilikləri olduqca yüksək səviyyədədir: "Birincisi, onlar hazırlıqlı, ikincisi, motivasiyalıdırlar, üçüncüsü isə ingilis və rus dillərini yaxşı bililər. Və dördüncüsü, onlar olduqca ünsiyyətcildirlər, beynəlxalq qruplarda təhsil alırlar və mühitə inteqrasiya ilə bağlı heç bir problem yaranmır".

Tələbələrin çoxu Azərbaycan hökumətinin maliyyələşdirdiyi dövlət təhsil proqramları çərçivəsində gəlirlər.

A.Radzyaviçene qeyd edib ki, ümumilikdə universitetdə hər il 40-dan artıq ölkənin nümayəndəsi təhsil alır. Tələbələr dünyanın digər ali məktəblərində müxtəlif universitet proqramları çərçivəsində təcrübə keçmə və təhsil imkanları əldə edirlər.

Məsələn, hər il 160-170 tələbə universitet və Avropa proqramları hesabına təcrübəyə gedirlər. Bundan başqa, 350 fərqlənmiş tələbə VGTU-nun 600-700 avroluq təqaüdü ilə xarici universitetlərdə təhsillərini davam etdirir. Tələbələr Avropa, ABŞ və Cənubi Koreyanın müxtəlif şirkətlərində 2-3 ay işləməklə təcrübə qazanmaq imkanına malikdirlər. Digər tərəfdən, bəzi ixtisaslar üzrə 18 xarici tərəfdaş olan ali məktəblə proqramlar mövcuddur, bu çərçivədə tələbə təhsilini bitirdikdən sonra eyni vaxtda iki universitetin diplomunu alır.

Bakalavr diplomunu almaq üçün tələbə 4 il təhsil almalıdır. Doktorantlıq üçün də eyni müddət tələb olunur. Magistr diplomunu almaq üçün isə tələbə 1,5-2 il təhsil almalıdır, distant təhsilə isə 2 il lazımdır. Təhsil prosesinə hər il 50 əcnəbi müəllim cəlb olunur. Bakalavr təhsili ildə orta hesabla 2700 avro təşkil edir. Əcnəbi tələbə üçün təhsil, əsasən, ingilis dilində verilir.

VGTU-nun rektoru Alfonsas Danyunas isə bildirib ki, rəhbərlik etdiyi universitet Litvanın qabaqcıl ali məktəbidir və bir sıra ixtisaslar üzrə liderdir. Ali məktəbin 10 fakültəsi, 12 tədqiqat institutu, 31 tədqiqat laboratoriyası var, onlardan bəziləri bahalı və unikal avadanlıqlara malikdirlər. Tələbələrin keyfiyyətli təhsil aldıqları ənənəvi fakültələr arasında inşaat, memarlıq, nəqliyyat, mexanika, informasiya texnologiyaları, elektronikanın bəzi sahələri var.

Universitet 1993-cü ildən "Boloniya prosesi" təhsil sistemini tətbiq edir. Hazırda VGTU-da Litva, Avropa İttifaqı ölkələri, Çin, Hindistan, Rusiya, Belarus, Azərbaycan və digər ölkələrdən 11 min tələbə təhsil alır. İndiyədək Azərbaycandan təqribən 50 tələbə gəlib, hazırda 25 tələbə təhsilini davam etdirir.

A.Danyunas hesab edir ki, təhsil sahəsində Azərbaycan və Litva arasında yaxşı əməkdaşlıq mövcuddur ki, bu da əlaqələrin gələcəkdə möhkəmləndirilməsi üçün əlverişli şərait yaradır. VGTU Litvanın tövsiyə edilən universitetləri qismində Azərbaycan Təhsil Nazirliyinin siyahısına daxil edilib.

Rektor vurğulayıb ki, azərbaycanlı tələbələr VGTU-nun təhsil sisteminə yaxşı qoşulurlar. Azərbaycanlı tələbələrdən biri isə hətta universiteti fəqrlənmə ilə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti