...

Hicran Hüseynova: Azərbaycanda qadınları ictimai və sahibkarlıq fəaliyyətindən çəkindirən bir sıra sosial-psixoloji amillər var

Cəmiyyət Materials 20 Oktyabr 2014 11:49 (UTC +04:00)
"Azərbaycanda qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirən bir sıra sosial-psixoloji amillər var. Onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir"
Hicran Hüseynova: Azərbaycanda qadınları ictimai və sahibkarlıq fəaliyyətindən çəkindirən bir sıra sosial-psixoloji amillər var

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycanda qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirən bir sıra sosial-psixoloji amillər var. Onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir". Trend-in məlunatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləti üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda "İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kişilərdən fərqli olaraq, qadınların bu sahədə biliklərinin və təcrübələrinin, maliyyə resurslarının az olması müəyyən maneələr yaradır: "Hazırda Azərbaycan qadını cəmiyyətdə yüksək yer tutur. Ancaq uğurlarla yanaşı, qadınlarımızın bir sıra çətinlikləri də mövcuddur. Qarşıya cıxan problemlərin öhdəsindən gələ bilmək üçün biz mərkəzdə və ya ucqar yerlərdə olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar görmək istəyirik. Doğulan uşaqların cinsi nisbətinin pozulması və məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaqların az olması kimi vacib problemlərin həlli bu gün çox aktualdır".

H.Hüseynova bildirib ki, Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu, gələcəkdə də davam etdiriləcək.

Komitə sədrinin sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzü 20 faiz torpağımızın zəbt edilməsi ilə yanaşı, bir sıra xoşagəlməz, mənfi sosial hadisələrin baş verməsinə də səbəb olub: "Ölkədə 1 milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edir. Bu rəqəmlərin hər birinin arxasında bir ailənin faciəsi dayanır".

H.Hüseynova qeyd edib ki, Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Bu gün əməkqabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Qadınlar arasında işsizliyin səviyyəsi ildən-ilə azalaraq 5,9 faizə düşüb, qadın sahibkarlığı 17,9 faizədək artıb.

Komitə sədri bildirib ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16 faizə çatıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 26,7 faiz olub. Bələdiyyə sədrlərinin 17,7 faizi qadındır. Eyni zamanda, 85 rayondan 73-də icra başçısının müavini qadındır. Ölkədə qadın qeyri-hökumət təşkilatlarının sayı isə 200-dən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti