...

Dövlət Məşğulluq Xidməti ümumtəhsil məktəblərində valideynlərin iştirakı ilə peşəyönümü tədbirlərinə başlayıb

Cəmiyyət Materials 23 Oktyabr 2014 11:02 (UTC +04:00)
Gənc nəslin gələcək karyerasının müəyyən edilməsi və məşğulluğunun təmin olunmasında onların düzgün peşə seçimi xüsusi önəm kəsb edir.
Dövlət Məşğulluq Xidməti ümumtəhsil məktəblərində valideynlərin iştirakı ilə peşəyönümü tədbirlərinə başlayıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Gənc nəslin gələcək karyerasının müəyyən edilməsi və məşğulluğunun təmin olunmasında onların düzgün peşə seçimi xüsusi önəm kəsb edir. Gənclərin peşə seçimində isə onların valideynləri fəal rola malikdirlər. Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə "Düzgün ixtisas seçimində valideynlərin rolu" mövzusunda peşəyönümü tədbirlərinə başlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ilkin olaraq paytaxtın Sabunçu rayonundakı 107, 310, 68 və 259 saylı orta ümumtəhsil məktəblərində 9-11-ci sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə belə tədbirlər keçirilib. Tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilir. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılır. Habelə şagirdlərə və valideynlərə peşəyönümünə dair məlumat kitabçaları paylanır, onların sualları cavablandırılır.

Peşəyönümü tədbirlərinin gələn ayın sonunadək və paytaxtın bütün rayonları üzrə ümumilikdə 55 ümumtəhsil məktəbində keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti