...

Sığorta-pensiya sistemində elektron xidmətlərə dair beynəlxalq seminar öz işini davam etdirir (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2014 13:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə “Hilton Bakı” otelində “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda oktyabrın 22-dən öz işinə başlayan beynəlxalq seminarın ikinci günündə keçirilən ilk sessiya “Autentifikasiya və təhlükəsizlik aspektləri” mövzusuna həsr olunu
Sığorta-pensiya sistemində elektron xidmətlərə dair beynəlxalq seminar öz işini davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə "Hilton Bakı" otelində "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda oktyabrın 22-dən öz işinə başlayan beynəlxalq seminarın ikinci günündə keçirilən ilk sessiya "Autentifikasiya və təhlükəsizlik aspektləri" mövzusuna həsr olunub.

Trend xəbər verir ki. BSTA-nın nümayəndəsi Raul Ruqia-Frikin moderatorluğu ilə aparılan sessiyada spiker Klara Soroşen sosial sığorta sahəsində elektron hesabat sistemi üzrə təmsil etdiyi Moldovanın, türkiyəli nümayəndə Cenk Şen öz ölkəsinin elektron preskripsiya sahəsində təcrübəsi mövzusunda geniş təqdimatları seminar iştirakçılarının diqqətinə çatdırıblar.

Sessiyanın gedişatında növbəti təqdimatla Litva Respublikasının nümayəndəsi Vytautas Sviderskis çıxış edib. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında elektron şəhadətnamələrin idarə edilməsi məsələlərindən bəhs edən litvalı spiker mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək, maraq doğuran suallara aydınlıq gətirib.

Sonra Polşanı təmsil edən spiker Andrzej Regovskinin elektron təhlükəsizliyə koordinasiyalı yanaşma mövzusunda təqdimatı dinlənib. Sessiyanın davamında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov "Azərbaycan Respublikasında elektron hökumət" mövzusunda geniş təqdimatla çıxış edərək bu sahədə görülən işlər, əldə olunan nailiyyətlər barədə seminar iştirakçılarını ətraflı məlumatlandırıb. Daha sonra Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Fabio Duran-Valverde bu təşkilatın sosial müdafiə minimumları kontekstində elektron xidmətlər vasitəsi ilə sosial transferlərin çatdırılması mövzusunda təqdimatla çıxış edib.

Sessiyanın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, qaldırılan suallar cavablandırılıb.

Tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilarların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının,Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

İKT-nin uğurlu tətbiqi nəticəsində DSMF-nin bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi tam inkişaf etdirilib. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Fond İKT-dən istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq etmişdir ki, nəticədə məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin edilib. Fond sistemində bu sahədə həyata keçirilən əhəmiyyətli tədbirlər həmçinin elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsinə və İKT-nin tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılmasına yönəlmişdir. Avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə DSMF kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanına malik olmuşdur ki, bu da rəsmiləşmələrin daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaradıb. Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri 2004-cü ildən etibarən pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-i plastik kartlarla aparılır. Bu məqsədlə respublika ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomat qurulub.

Azərbaycanın sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslara təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş və avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır. Belə ki, Fond tərəfindən istifadəyə verilən sığortaolunanların müasir məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı yaratmışdır ki, bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım etmiş, həm də avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin etmişdir. Fondun 2013-cü ildən tətbiq etdiyi Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır. Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 286 min pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Məlumat bazasından istifadə etməklə, Fondun öz veb səhifəsi və ya elektron hökumət portalı vasitəsilə pensiyaçılar, sığortaedənlər və sığortaolunanlara çoxsaylı elektron xidmətlərgöstərir.

"Elektron hökümət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Təkcə 2014-cü ilin ötən dövründə bu məqsədlə DSMF 4 sayda mərkəzi, 7 sayda regional təqdimat keçirmişdir. Bununla yanaşı "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda KİV arasında müsabiqə keçirilmişdir. Həmçinin bu mövzuda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanmışdır.
DSMF-nin müasir əsaslarla təşkil edilmiş iş istiqamətlərindən biri də vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasıdır. Bu prosess üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytinda birbaşa ünvanlanan məktub və 190 nömrəli "Çağrı Mərkəzi" vasitəsi ilə həyata keçirilir. Fond elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Qeyd etmək yerinə düşərdi ki, DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyəti beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilib. Belə ki, 2012-ci ildə Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Fondu "Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid" nominasiyası üzrə xüsusi sertifikata layiq görüb. Bundan öncə isə, 2010-cu ildə DSMF-ni BSTA-nın "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdi.

Sığorta-pensiya sistemlərinin daimi inkişafı məqsədilə İKT-nin intensiv tətbiqinin vacibliyi BSTA-nın İKT sahəsində təlimatlarında da xüsusi vurğulanır. Beynəlxalq təcrübədə sığorta-pensiya sistemlərində elektron xidmətlərin tətbiqinin geniş vüsət almasına və uğurlu nəticələr verməsinə baxmayaraq, həmin xidmətlərin keyfiyyətinin artırılması və miqyasının genişləndirilməsi ilə bağlı meydana gələn problemlərin həlli xüsusi aktuallıq kəsb edir. Bu baxımdan elektron xidmətlərin tətbiqi sahəsində proqram təminatlarının və istifadə olunan məlumatların keyfiyyəti, sistemin təhlükəsizliyinin təmin olunması, mobil əsaslı elektron xidmətlərin tətbiqi və digər məsələlərin araşdırılması mühüm əhəmiyyət daşıyır. Göstərilən məsələlərin ünvanlanması və həlli, bununla bağlı davamlı olaraq yeni metod və yanaşmaların işlənib hazırlanması daim BSTA tərəfindən gündəmdə saxlanılır, bu sahədə beynəlxalq ekspertlərin işitrakı ilə geniş müzakirələr aparmaq, müxtəlif ölkələrin təcrübələrini bölüşmək məqsədilə mütamadi beynəlxalq tədbirlər təşkil olunur. Belə ki, sosial sığorta sahəsində İKT-nin rolunu təhlil etmək məqsədilə DSMF-nin ev sahibliyi ilə Bakı şəhərində 2008-ci ildə BSTA-nın beynəlxalq tədbiri keçirilmişdir. Bundan başqa, 2010-cu ildə Livanın Beyrut və 2012-ci ildə Polşanın Varşava şəhərlərində sığorta-pensiya sistemlərində xidmətlərin çatdırılmasının təkmilləşdirilməsində İKT-nin idarəetmə baxımından strateji əhəmiyyəti və elektron xidmətlərin səmərəli tətbiqinə həsr olunmuş BSTA-nın beynəlxalq seminarları təşkil olunmuşdur. Bakıda keçirilən beynəlxalq seminar BSTA-nın bu qəbildən olan növbəti tədbiridir. Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda bu tədbirinin Bakı şəhərində keçirilməsi barədə qərar Azərbaycan Respublikasında sığorta-pensiya sistemində aparılan islahatlar, bu sferada informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, informasiya açıqlığı və elektron xidmətlər, Dövlət Sosial Müdafiə Fondunun qeyd olunan sahədəki təcrübəsi nəzərə alınaraq qəbul edilmişdir.

Tədbirin əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, İKT-nin tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıqdır. Həmçinin, əhalinin sosial müdafiəsi sahəsində əhali ilə interaktivliyin artırılması, elektron xidmətlərlə yanaşı mobil xidmətlərin tətbiqinin genişləndirilməsi, bütün bunlardan irəli gələn təhlükəsizlik və digər məsələlərin müxtəlif ölkələri təmsil edən sığorta-pensiya qurumlarının əldə etdiyi texniki inkişaf və BSTA-nın təlimatlarındakı tövsiyələr nəzərə alınmaqla daha dərindən təhlil edilməsi, bu sahədə görülən işlərin müzakirə olunması nəzərdə tutulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti