...

Azərbaycanda niyə bələdiyyə məktəbləri yaradılmır?

Cəmiyyət Materials 29 Oktyabr 2014 13:19 (UTC +04:00)
Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər.
Azərbaycanda niyə bələdiyyə məktəbləri yaradılmır?

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər. Bunun səbəbi isə müxtəlif amillərlə izah edilir.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, bələdiyyələrin idman, səhiyyə, mədəniyyət, təhsil müəssisələri yarada bilməsi üçün hüquqi əsasları olsa da, maliyyə məsələləri həll edilməyib. Digər tərəfdən, bələdiyyələrin maddi-texniki bazaları zəifdir.

Bununla belə, M.Quliyev hesab edir ki, bələdiyyələrin özlərinin innovativ düşüncələri də yoxdur. Onlar yeni mənbələr axtarıb tapmaq, yeni resurslar əldə etməklə bunları reallaşdıra bilərlər.

Bələdiyyələrin təhsil müəssisələrini yalnız öz vəsaitləri hesabına yaratmalarının vacib olmadığını deyən millət vəkili təklif edir ki, bu işə sponsorları cəlb etmək olar, bələdiyyə ərazisində yaşayan imkanlı vətəndaşların hesabına yardım fondları yaratmaq olar: "Hesab edirəm ki, bələdiyyələr özlərinin biznes strukturlarını da yaratmalıdırlar ki, gəlirlərini artıra bilsinlər. Təəssüf ki, bələdiyyələrin əksəriyyətinin təşəbbüsləri, innovativ düşüncələri yoxdur. Yeni mənbələr, yeni resurslar axtarıb tapmaq onların işlərinə çox yaxşı təsir edə bilər".

Azərbaycanda bələdiyyə institunun hələ arzuolunan səviyyəyə çatmadığını deyən M.Quliyev qeyd edib ki, dekabrda keçiriləcək 4-cü bələdiyyə seçkilərindən sonra bələdiyyələrin işinin təkmilləşdirilməsi üzərində düşünmək lazımdır. Millət vəkili təklif edir ki, bəzi yerlərdə bələdiyyələr dövlət tərəfindən onlara ayrılan dotasiya hesabına çalışırlar. Buna görə də təkmilləşdirmə işləri aparmaq lazımdır. Onun fikrincə, ehtiyac olduğu halda, zəif bələdiyyələri birləşdirib daha güclü bələdiyyələr yaratmaqla da bu sahədə irəliləyişlərə nail olmaq olar.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Trend-ə bildirib ki, bələdiyyələrin maliyyə məsələləri həll olunmayana qədər onlar təhsil müəssisələri aça bilməyəcəklər. Buna görə də ilk növbədə bələdiyyələrin maliyyə çatışmazlığı problemi həll edilməlidır. Bu problemin həlli üçün isə bələdiyyələrə müəyyən qədər səlahiyyətlər verilməlidir: "Hazırda bələdiyyələrin səlahiyyətləri çox aşağıdır. Bələdiyyələrin səlahiyyətləri olmayana, maliyyə imkanları artmayana qədər onların belə imkanları da olmayacaq".

V.Əhmədov bildirib ki, hər il dövlət büdcəsindən bələdiyyələrə müəyyən qədər vəsait ayrılır: "2015-ci ilin dövlət büdcəsi layihəsində gələn il üçün bələdiyyələrə 5,2 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Ancaq bu vəsait bələdiyyələr üçün çox azdır. Buna görə də dövlət büdcəsindən bələdiyyələrə ayrılan maliyyə vəsaitinin məbləğini artırmaq lazımdır. Digər tərəfdən, bələdiyyələrə gəlir gətirə bilən sahələr verilməlidir".

Bələdiyyələrlə bağlı Türkiyə təcrübəsini daha məqbul sayan V.Əhmədov həmin təcrübənin ölkəmizdə tətbiqini vacib hesab edir.

MM-in Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli isə Trend-ə bildirib ki, bələdiyyələrin təhsil müəssisələri yaratması ilə bağlı heç bir problem yoxdur. Sadəcə olaraq, belə işlərin aparılmasını bələdiyyələrdən gözləmək üçün onlara müəyyən qədər vaxt verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti