...

Quba-Xınalıq yolunda uçqun baş verib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 31 Oktyabr 2014 12:32 (UTC +04:00)
Azərbaycanın Quba rayonunda, Quba-Xınalıq yolunun 36-38 km-də uçqun baş verib.
Quba-Xınalıq yolunda uçqun baş verib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın Quba rayonunda, Quba-Xınalıq yolunun 36-38 km-də uçqun baş verib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hadisə son yağıntıların təsirindən mövcud uçqun sahələrinin aktivləşməsi nəticəsində baş verib. Ümumiyyətlə, bu yola yağıntıların çox düşməsi uçqun təhlükəsini artırır.

S.Əmiraslanov deyib ki, son günlər əsasən cənub bölgəsindəki sürüşmə sahələrində - Lənkəran-Lerik yolunun 17, 19, 49 və 53-cü km-də və Lənkəranın bir neçə kəndində qismən aktivləşmə baş verib: "Sürüşmə əvvəl mövcud olan sahələrdə qeydə alınıb. Atmosfer yağıntılarının ərazilərə nüfuz etməsi ilə yamaclara düşən müəyyən ağırlıq qüvvəsi nəticəsində sürüşmə sahələrində aktivlik baş verıb".

Onun sözlərinə görə, gözlənilən yağıntılar bəzi ərazilərdə sürüşmə ehtimalını artırır. Yağıntlılarla əlaqədar ilk növbədə respublikanın dağlıq ərazilərdən keçən və sürüşməyə məruz qalmış yollarda sürüşmə sahələrinin aktivləşməsi müşahidə edilə bilər.

S.Əmiraslanov deyib ki, sürüşmələr insanların sürüşməyə meyilli ərazilərdə məskunlaşması səbəbindən baş vermir. İnsanlar sürüşmə olmayan yerlərdə məskunlaşdıqdan sonra həmin ərazilərdə sürüşmələr baş verir: "Ərazilərdə insanlar məskunlaşdıqdan sonra sürüşmə sahələrinin yarandığını demək daha doğru olar. Məsələn, Bakı insanların ən çox məskunlaşdığı şəhərdir. Burada Zığ sürüşmə sahəsi dağətəyi ərazidədir və sürüşməyə meyilliyi az olub. Ancaq həmin ərazilərdə insanların məskunlaşması, fərdi yaşayış evlərinin tikilməsi, kanalizasiya sularının pərakəndə axıdılması, suvarma sularının həddindən arrtıq istifadə edilməsi bu ərazilərdə sürüşməyə səbəb olur".

Onun sözlərinə görə, Abşeron yarımadasında əhalinin məskunlaşdığı ən təhlükəli ərazilərdən biri olan Zığ sürüşmə sahəsində hazırda təxminən 110 fərdi yaşayış evi tam qəzalı vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti