...

Bərdədə yol polisini üstünə benzin tökərək yandıran sürücü tutuldu (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 3 Dekabr 2014 17:33 (UTC +04:00)
Bərdə rayon sakini əlindəki benzini yol polisinin üzərinə tökərək onu yandırıb.
Bərdədə yol polisini üstünə benzin tökərək yandıran sürücü tutuldu (ƏLAVƏ OLUNUB)

Baş Prokurorluğun məlumatı əlavə olunub (ilk xəbər saat 16:05-də yayılıb)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlkin İzzət/

Bərdə rayon sakini əlindəki benzini yol polisinin üzərinə tökərək onu yandırıb.

Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, faktla bağlı cinayəti törətməkdə şübhəli bilinən sürücü barəsində Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Daxili İşlər Nazirliyindən isə Trend-ə bildirilib ki, sürücü yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Sərxoş olan sürücü yol polisi əməkdaşına müqavimət göstərib, onun üstünə benzin töküb.

Nazirlikdən deyiblər ki, polis əməkdaşı yüngül xəsarət alıb, ona ilkin tibbi yardım göstərilib.

X X X

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, dekabrın 2-də saat 19:30 radələrində Bərdə şəhər sakini Cəfərov Elçin Ələsgər oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkət qaydasını pozaraq işıqforun qadağanedici qırmızı işığında nəqliyyat vasitəsini idarə etdiyinə görə Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidməti inspektoru Aqil Quliyev tərəfindən saxlanılarkən avtomobili orada qoyub uzaqlaşıb. E.Cəfərov təxminən 10 dəqiqədən sonra həmin yerə qayıdaraq ondan sənədlərini təqdim etməsini və sərxoşluq müayinəsindən keçməsini tələb edən A.Quliyevin üstünə özü ilə plastmas qabda gətirdiyi benzin yanacağını töküb alışqanla yandıraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərib.

Hadisə zamanı sağ əlindən yanıq xəsarəti alan A.Quliyevə rayon xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

E.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti