...

Azərbaycanda yolu bağlamaq istədilər, icra başçısı, müavini və 5 polis yaralandı

Cəmiyyət Materials 11 Dekabr 2014 13:35 (UTC +04:00)
Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb.
Azərbaycanda yolu bağlamaq istədilər, icra başçısı, müavini və 5 polis yaralandı

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da saat 11:30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxşdir, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti