...

Son 10 ildə dövlətin gənclər təşkilatlarının layihələrinə dəstəyi dəfələrlə artıb

Cəmiyyət Materials 2 Fevral 2015 16:00 (UTC +04:00)
Heç bir ölkədə Gənclər Günü Azərbaycandakı kimi yüksək səviyyədə qeyd edilmir. Trend xəbər verir ki, bunu bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov deyib.
Son 10 ildə dövlətin gənclər təşkilatlarının layihələrinə dəstəyi dəfələrlə artıb

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlkin İzzət/

Heç bir ölkədə Gənclər Günü Azərbaycandakı kimi yüksək səviyyədə qeyd edilmir. Trend xəbər verir ki, bunu bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov deyib.

O, bildirib ki, Azərbaycan Gənclər Gününü ilk təsis edən ölkədir: "Hazırda dünyanın əksər ölkələrində Gənclər Günü keçirilir. Ancaq heç bir ölkədə Gənclər Günü Azərbaycandakı kimi yüksək səviyyədə qeyd edilmir. Bu, Azərbaycan gəncliyinə qayğının təzahürüdür. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra gənclərə qayğı dövlət siyasətinin prioritetini təşkil etməyə başlayıb. Heydər Əliyevin dönəmində ilk yaradılan nazirlik Gənclər və İdman Nazirliyi olub, 1994-cü ildə bu nazirlik yaradılıb. Sonrakı dövrdə gənclər siyasəti ilə bağlı fərman imzalanıb, Gənclər Günü təsis edilib".

PA rəsmisi qeyd edib ki, 2013-cü ildən başlayaraq Azərbaycanın iqtisadi imkanlarının artması ilə əlaqədar gənclərlə bağlı daha böyük layihələr həyata keçirilir, işlər görülür: "Dövlətin gənclər təşkilatlarının layihələrinə dəstəyi də son 10 ildə dəfələrlə artıb. Ancaq dövlətimiz tək gənclər təşkilatlarının layihələrinə maliyyə dəstəyi vermir. Gənclər təşkilatları ilə bərabər istedadlı, yaradıcı, fəal gənclərin də layihələrinin dəstəklənməsi üçün 3 il əvvəl Gənclər Fondu yaradılıb. Bu müddət ərzində Gənclər Fondu 1865 layihəyə dəstək verib, dəstəklənən hər üç layihədən biri gənclər təşkilatlarının, hər üç layihədən ikisi yaradıcı gənclərin layihələri olub".

Azərbaycanda gənclərlə bağlı görülən işlərdən danışan Gənclər Fondunun sədri Fərhad Hacıyev deyib ki, gənclər siyasəti dövlətin əsas prioritetidir: "Bu günlərdə 2020-ci ilə qədər dövrü əhatə edən Gənclər Strategiyası təsdiqlənib. Azərbaycan gəncliyi heç vaxt dövlətindən, mədəniyyətindən, tarixindən imtina edə bilməz. Gənclər hər zaman dövlətimizin, mədəniyyətimizin inkişafına çalışmalıdır. Bu gün Gənclər Günü Azərbaycanın hər bölgəsində qeyd edir. Hətta bu günlərdə hüquq-mühafizə orqanlarından biri bizə müraciət edib ki, gənclər siyasəti ilə bağlı məruzə təşkil edək".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra gənclər siyasəti prioritet olub: "Bu gün dünya ölkələri qlobal iqtisadi böhranla üzləşib. Ancaq Azərbaycan dövləti gənclərlə bağlı 2020-ci ilə qədər dövrü əhatə edən strategiya ortaya qoyub. Bu da göstərir ki, dövlət hər zaman gənclərə investisiya qoyur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti