...

"Baku Guide" bələdçi kataloqunun may buraxılışı (FOTO)

Cəmiyyət Materials 6 May 2015 02:17 (UTC +04:00)
“Uzun illərdən sonra Azərbaycana səfərimdən çox məmnunam. “Özgələr arasında doğma, doğmalar arasında özgə” filminin final səhnələrindən birini Bakıda lentə almışam. O vaxtdan 30 ildən çox keçib. Bakıda misilsiz inkişafın şahidi oldum”.
"Baku Guide" bələdçi kataloqunun may buraxılışı (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

"Uzun illərdən sonra Azərbaycana səfərimdən çox məmnunam. "Özgələr arasında doğma, doğmalar arasında özgə" filminin final səhnələrindən birini Bakıda lentə almışam. O vaxtdan 30 ildən çox keçib. Bakıda misilsiz inkişafın şahidi oldum".

Bu fikirlər Rusiya Kinematoqrafçılar İttifaqının sədri, məşhur kinorejissor Nikita Mixalkovun "Baku Guide" bələdçi kataloqunun may buraxılışında dərc olunmuş müsahibəsindən götürülüb. Dünya şöhrətli sənətkar kino sənəti və gələcək planları ilə bağlı fikirlərini, Bakı haqqında təəssüratlarını bölüşür.

Kataloqun yeni sayında "Bakı 2015" I Avropa Oyunlarına son hazırlıqlar barədə xəbərlərlə də tanış olmaq olar. Nəşrdə Oyunların məşəlinin alovlandırılması, təşviqat tədbirləri, bilet satışı və s. məsələlərdən söz açılır.

Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə şəhərimizdə keçirilən ənənəvi Gül bayramı, 18-19 may tarixində Bakının ev sahibliyi edəcəyi III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 9 May - Qələbə Günü, 28 May - Respublika Günü kimi ayın vacib hadisələrinə, tarixi günlərə kataloqda xüsusi yer ayrılıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun hər buraxılışı aktiv istirahət həvəskarı olan şəhər sakinləri və turistlər üçün maraq doğuracaq müxtəlif informasiyalar, təqdimat xarakterli materiallarla zəngin olur. Onu da qeyd edək ki, kataloqun fəaliyyətə başlamasının artıq bir ili arxada qalıb. Ötən müddətdə paytaxtımızın qonaqları və xarici turistlər arasında populyar nəşrə çevrilən "Baku Guide" 2-4 aprel tarixində keçirilən "AITF-2015" XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində öz stendi ilə iştirak etmiş və sərgi iştirakçıları, ziyarətçilər tərəfindən kataloqa böyük maraq göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ekspozisiyasında ilə tanış olarkən "Baku Guide" kataloqunun stendinə ilə də diqqət ayırmış, nəşrlə bağlı razılığını ifadə etmişlər.

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrin növbəti sayında paytaxtımızın mədəni və işgüzar həyatı, may ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Kataloqda 17-24 may tarixində Bakıda keçiriləcək VIII beynəlxalq Mstislav Rostropoviç festivalının konsert proqramı ilə də tanış olmaq olar. "Events" bölməsində gənclərin maraq dairəsində olan əyləncəli tədbirlərə, kinoafişa bölməsində paytaxtın kino nümayişi mərkəzlərinin yayımladıqları filmlər haqqında qısa məlumatlara yer verilib. "Azərbaycan mətbəxi" rubrikasında oxucular dovğanın hazırlanma qaydası ilə tanış olacaqlar.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti