...

6 mindən artıq işsiz işlə təmin olunub

Cəmiyyət Materials 6 May 2015 10:59 (UTC +04:00)
Cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 6270 nəfərə yaxın işsiz və işaxtaran vətəndaş işlə təmin olunub.
6 mindən artıq işsiz işlə təmin olunub

Azərbaycan, Bakı, 6 may /Trend/

Cari ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 6270 nəfərə yaxın işsiz və işaxtaran vətəndaş işlə təmin olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu ilin birinci rübü ərzində ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən 6268 nəfər münasib işlərlə təmin olunub.

Onlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən, bu səbəbdən kvota üzrə məşğulluğu təmin olunanlar 222 nəfər olub. Həmin şəxslərin 72 nəfərini əlillər, 51 nəfərini qaçqın və məcburi köçkünlər, 49 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 20 nəfərini 20 yaşadək gənclər, 9 nəfərini şəhid ailəsi üzvləri və digər müvafiq şəxslər təşkil edib.

Cari ilin üç ayında haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 109 nəfər, DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 893 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti