...

Almanlar “ASAN xidmət”lə əməkdaşlıqda maraqlıdırlar (FOTO)

Cəmiyyət Materials 6 May 2015 14:50 (UTC +04:00)
Azərbaycan brendi olan “ASAN xidmət”in Almaniyada təqdimatı keçirilib.
Almanlar “ASAN xidmət”lə əməkdaşlıqda maraqlıdırlar (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan brendi olan "ASAN xidmət"in Almaniyada təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, mayın 5-6-da Almaniyanın paytaxtı Berlin şəhərində XVIII "Səmərəli idarəetmə 2015" mövzusunda Beynəlxalq Konqres keçirilir. Konqresin keçirilməsində məqsəd dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi sahəsində mövcud imkanların beynəlxalq miqyasda araşdırılmasıdır.

Konqresdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. Həmçinin tədbir çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Dövlət Agentliyi "ASAN xidmət"in fəaliyyət və nailiyyətlərinə həsr olunan stend ilə təmsil olunur.

Beynəlxalq Konqresdə Dövlət Agentliyinin nümayəndə heyəti ilə yanaşı Almaniya, İsveçrə, Avstriya, Lixtenşteyn və bir sıra digər ölkələrin aparıcı nazirliklərinin və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələri və işgüzar dairələrin 300-dən çox nümayəndəsi iştirak edir.

Dövlət Agentliyinin sədri İ.Kərimov Konqresin ilk günündə çıxış edərək tədbirin əsas mövzularından biri olan "Dövlət xidmətlərinin göstərilməsində ən son innovativ modellər: Azərbaycan nümunəsi - "ASAN xidmət" mövzusunda təqdimatı diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olan "ASAN xidmət"in uğurlu fəaliyyətindən bəhs edib.

Təqdimatdan sonra "ASAN xidmət" barədə hazırlanan video-material nümayiş olunub.

Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri İ.Kərimov ilə Almaniyanın "Behörden Spiegel" qəzetinin baş redaktoru Üve Proll və Berlin Senatının (hökumətinin) Daxili işlər və idman məsələləri üzrə dövlət katibi Andres Statzkovski ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı "ASAN xidmət" barədə təfsilatlı məlumat verilib və ikitərəfli əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Qarşı tərəfin nümayəndələri "ASAN xidmət"lə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Beynəlxalq Konqresdə və ikitərəfli görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti