...

İqtisadiyyat və Sənaye Nazirliyi üzrə YAP üzvlərinin sayı 57-dən 470-ə yüksəlib (FOTO)

Cəmiyyət Materials 6 May 2015 15:25 (UTC +04:00)
Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyi üzrə YAP üzvlərinin sayı 57-dən 470-ə yüksəlib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu günlərdə Azərbaycanın hər yerində, xarici ölkələrdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təntənə ilə qeyd edilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır.

Mayın 6-da İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müasir Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında, əhalinin rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən danışmışdır. Vurğulanmışdır ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionlarının tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi nəticəsində ölkəmizin inkişafı davamlı xarakter almış, Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətlərindən birinə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.

Sonra "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", "Heydər Əliyev və regionların sosial-iqtisadi inkişafı siyasəti" və "Heydər Əliyev və Azərbaycan sənayesi" mövzularında məruzələr dinlənilmişdir.

İqtisadiyyat və sənaye naziri Ş.Mustafayev tədbirə yekun vuraraq tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsinin ölkəmizin gələcək inkişafının uğurlu olacağına ən möhkəm zəmanət olduğunu bir daha vurğulamışdır.

Sonda Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olunmuşdur. Qeyd edək ki, son 6 ildə İqtisadiyyat və Sənaye Nazirliyi üzrə YAP üzvlərinin sayı 57-dən 470-ə yüksəlmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti