...

Xarici qonaqlar Qaxa və Şəkiyə heyran oldular (FOTO)

Cəmiyyət Materials 7 May 2015 16:48 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən VI beynəlxalq elmi konfransda iştirak edən xarici qonaqlar mayın 6-da Qax və Şəki rayonlarında səfərdə olublar.
Xarici qonaqlar Qaxa və Şəkiyə heyran oldular (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda keçirilən VI beynəlxalq elmi konfransda iştirak edən xarici qonaqlar mayın 6-da Qax və Şəki rayonlarında səfərdə olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan Trend-ə verilən məlumata görə, müxtəlif xarici universitetlərin tanınmış alimləri - Yeni Avropa Universitetinin (Niderland Krallığı) prezidenti Jovan Didier, professoru Marina Bokuçava, Avropa-Azərbaycan Cəmiyyətinin (Böyük Britaniya) mətbuat katibi Nil Vatson, Auqsburq Universiteti (Almaniya) Müqayisəli ədəbiyyat bölməsinin doktoru Eisenhut Ulrike, Moskva Dövlət Linqvistik Universiteti ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Bondarev, Ural Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterov, Moskva Dövlət Pedoqoji Universiteti Samara filialının prorektoru Elçin Həşimov, direktor müavini Yuliya Quseva, Dağıstan Dövlət Universitetinin dosenti Almaz İsmayılova, Moskva Dövlət Linqvistik Universitetinin əməkdaşı Dmitri Jukov, Minsk Milli Linqvistik Universitetinin (Belarus) elmi işlər üzrə prorektoru Anatoli Qorlatov, Slavyan dilləri kafedrasının müdiri Olqa Poletayeva, Artvin Çoruh Universitetinin (Türkiyə) dosenti Gülər Çavuşoğlu, Tbilisi Dövlət Universiteti və Arnold Çikobava adına Linqvistika İnstitutunun (Gürcüstan) professoru Mariam Mancqaladze, Tbilisi Dövlət Universiteti Filologiya elmləri üzrə fəlsəfə doktoru Ketavan Qoçitaşvili, doktorant Franzoni Daniele (İtaliya), Ayn Şəms Universitetinin (Misir) professoru Məhəmməd Haridi, Yaxın Şərq və Afrika İnstitutunun müdiri, professor Eduard Gombar konfransın proqramına uyğun olaraq, Qaxda və Şəkidə müxtəlif proqramlara qatılıblar.

Xarici qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri müşaiyət ediblər.

Qonaqların Qax rayonu ilə tanışlığı geniş turizm potensialına malik olan İlisu kəndindəki tarixi məkanları ziyarətlə başlayıb. XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında "Sumu qala" adı ilə tanınan müdafiə qülləsi ilə tanışlıq tədbir iştirakçılarının marağına səbəb olub.

Sonra qonaqlar kəndin ərazisində yerləşən digər tarixi məkanlarla, həmçinin Kürmük çayının üzərindəki "Ulu körpü" ilə tanış olublar.

Konfrans iştirakçıları daha sonra Qaxingiloy kəndində yerləşən "Müqəddəs Georgi" kilsəsini ziyarət ediblər. Qonaqlar Qax rayonunda milli azlıqların adət-ənənələrinə hörmətlə yanaşıldığını, dini tolerantlığın yüksək səviyyə olduğunu görüblər. XVIII əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icra edilməsi üçün hər cür şərait yaradılıb. Qonaqlardan xristian dininə etiqad edənlər tarixi abidə kimi dövlət tərəfindən qorunan kilsədə şam yandırıblar.

Təmir işləri davam etdirilən XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Cümə məscidi ilə tanışlıq da qonaqlarda xoş təəssürat oyadıb.

Sonra konfrans iştirakçıları şəhərin qədim tarixi hissəsi - "İçəribazar" Turizm və Mədəniyyət Mərkəzində olublar. Burada əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir.

Buradakı açıq səma altında yaradılan 300 yerlik teatr, sənətkarlıq emalatxanaları qonaqların marağına səbəb olub. Tədbir iştirakçıları rayonun müxtəlif xalqlarının folklor və rəqs kollektivlərinin, muğam üçlüyünün ifasında maraqlı konsert proqramını izləyiblər.

Sonra Heydər Əliyev Mərkəzində rayon ziyalılarının iştirakı ilə toplantı keçirilib. Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev azərbaycanşünaslığın aktual problemlərinə həsr olunan konfransın əhəmiyyətini xüsusi vurğulayıb, tədbir iştirakçılarına Qax rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə geniş məlumat verib.

Ural Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, Azərbaycanşünaslıq Mərkəzinin direktoru, professor Aleksandr Nesterov Azərbaycanda bir neçə dəfə olduğunu, ölkəmizi artıq öz doğma vətəni kimi sevdiyini vurğulayıb. Qax rayonuna ilk dəfə səfər etdiyini diqqətə çatdıran qonaq deyib ki, buradakı tarixi abidələrin oxşarına dünyanın heç bir yerində rast gəlmək mümkün deyil: "Qax istirahət və tədqiqat üçün gözəl məkandər".

Tədbirdə həmçinin Bilik Fondunun həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Qax rayonunun Qum kəndindəki Zakir Müslümov adına tam orta, Qəbələ rayonunun Nic qəsəbəsindəki 1 saylı və Zaqatala rayonunun Əliabad qəsəbəsindəki Adil Hacıyev adına 1 saylı tam orta məktəblər arasında "Qardaşlaşma sazişi"nin imzalanması mərasimi olub.

Mərasimdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Onun sözlərinə görə, bu dəfə layihəyə qoşulan məktəblilər içərisində Azərbaycanda yaşayan xalqlardan yeddisinin nümayəndələri var. "Qardaşlaşmış məktəblər" layihəsi tolerantlıq və multikultural mühitdə yaşayan Azərbaycan məktəblilərinin daha sıx birliyinə, müxtəlif mədəniyyətlərin, ənənələrin mübadiləsinə böyük təkan verir. "Bizim ən böyük amalımız ümumi vətənimiz olan Azərbaycanı sevmək və sevdirməkdir" - deyən O.Səmədov bildirib ki, Bilik Fondu fəaliyyəti ilə bu missiyaya xidmət edir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin məsləhətçisi Sərraf Hüseynov, icra başçısı M.Şəkiliyev və O.Səmədov "Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçılarına Bilik Fondunun hədiyyələrini təqdim ediblər.

Konfrans iştirakçıları, həmçinin Kürmük məbədində də olublar.

Günün ikinci yarısında nümayəndə heyəti Şəki şəhərinə yola düşüb. Qonaqlar Şəki şəhər İcra Hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyublar.

Şəki Cümə Məscidində, Şəki xan sarayında, Karvansarada gördükləri xarici qonaqlarda xoş təəssürat yaradıb.

Şəkidəki Heydər Əliyev Mərkəzində icra hakimiyyətinin başçısı Elxan Usubovun və rayon ziyalılarının iştirakı ilə toplantı keçirilib. E.Usubov qonaqlara rayon haqqında məlumat verib, "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda keçirilən VI beynəlxalq elmi konfrans çərçivəsində Şəkiyə səfər etdiklərinə görə xarici alimlərə təşəkkürünü bildirib.

Eisenhut Ulrike, Aleksandr Nesterov, Jovan Didier, Nil Vatson, Almaz İsmayılova, Eduard Gombar və Mariam Mancqaladze səmimi qəbula və qonaqpərvərliyə görə konfransın təşkilatçılarına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti