...

"Ümummilli lider Heydər Əliyev və qadın hüquqları" mövzusunda seminar keçirilib

Cəmiyyət Materials 7 May 2015 22:28 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri də qadınların hüquqlarının müdafiəsi, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün sistemli şəkildə işlərin görülməsi idi.
"Ümummilli lider Heydər Əliyev və qadın hüquqları" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri də qadınların hüquqlarının müdafiəsi, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün sistemli şəkildə işlərin görülməsi idi. Bu baxımdan heç də təsadüfi deyildir ki, məhz Ulu öndərin siyasi iradəsi nəticəsində qadın siyasəti dövlət səviyyəsində həyata keçirilməyə başlamışdır.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və daha da inkişaf etdirilən siyasət nəticəsində ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmini dövlət siyasətində mühüm yerlərdən birini tutur.

Təqdirəlayiq haldır ki, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verilir. Qadın siyasəti sahəsində mühüm strategiyalar uğurla davam etdirilir, Azərbaycan qadınlarının inkişafı, respublikamızın həyatında fəal iştirakı və idarəetməyə cəlb olunmasına xüsusi diqqət yetirilir.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu fikirlər BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusuna malik ilk və yeganə qadın təşkilatı olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin (AQİM) nəzdində fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində keçirilən "Ümummilli lider Heydər Əliyev və qadın hüquqları" mövzusuna həsr edilmiş növbəti seminarda səsləndirilmişdir.

Ahılların Resurs Mərkəzinin üzvlərinin, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan qadınların iştirakı ilə keçirilən həmin seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının elmi-analitik sektorunun baş məsləhətçisi - Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov iştirak etmişdir.

Ahılların Resurs Mərkəzinin əlaqələndiricisi Şövkət Xanməmmədova qonaqlara məlumat verərək bildirmişdir ki, professor Elmira xanım Süleymanova tərəfindən hələ 2001-ci ildə yaradılmış və səmərəli fəaliyyət göstərən bu qurum xeyirxah bir işə xidmət edir və hazırda Ombudsmanın resurs mərkəzi kimi tanınır. Ahılların doğma ocağına çevrilən bu mərkəz onların fiziki və psixi sağlamlığının qeydinə qalmağa yardımçı olan, fasiləsiz, ödənişsiz tibbi, psixoloji, hüquqi xidmətin göstərildiyi, eyni zamanda onların istirahətinin, asudə vaxtının mənalı keçirildiyi, ölkəmizdə analoqu olmayan yeganə məkandır.

Seminarda çıxış edən M. Mahmudov bu il anadan olmasının 92-ci ildönümü xalqımız tərəfindən böyük ehtiramla qeyd edilən görkəmli ictimai-siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsi, dövlət qadın siyasətinin formalaşdırılması və inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırmışdır.

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış və öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik kimi ümumbəşəri prinsiplər əsasında qurmuş Ombubsman təsisatının ümumi insan hüquqları sistemində mühüm yerlərdən birini tutan qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə seminar iştirakçılarına məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin "Azərbaycanda qadınların rolunun artırılması haqqında" 1998-ci il 14 yanvar tarixli Sərəncamı ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, ölkəmizin 1995-ci il 30 iyun tarixində qoşulduğu BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasından irəli gələn öhdəliklərin daha geniş miqyasda həyata keçirilməsinə münbit şərait yaratmışdır.

Böyük minnətdarlıq hissi ilə xatırlanmışdır ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkədə qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmiş və nəticədə qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyevin kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə onların dövlət idarəçiliyinin müəyyən səviyyələrində təmsil olunmasının təmin edilməsi məqsədilə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli Fərmanın və Nazirlər Kabinetinin eyni tarixli Sərəncamı ilə təsdiq etdimiş "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005)" icrası nəticəsində gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yaradılmasının əsasının qoyulduğu bildirilmişdir.

Ombudsmanın nümayəndəsi Ümummilli lider Heydər Əliyevin respublikamızın hər bir sahəsinin - iqtisadiyyat, elm, təhsil və mədəniyyətinin inkişafına, əhalinin bütün qruplarının, o cümlədən ahılların, əlilliyi olan şəxslərin, xüsusilə də qadınların hüquq və azadlıqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyini vurğulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti