...

Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların izi ilə...

Cəmiyyət Materials 9 May 2015 12:55 (UTC +04:00)
Bu il bütün bəşəriyyət, dünyanın sülhsevər insanları Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini təntənəli surətdə qeyd edirlər.
Böyük Vətən müharibəsində həlak olan azərbaycanlıların izi ilə...

Azərbaycan, Bakı, 9 may /Trend/

Bu il bütün bəşəriyyət, dünyanın sülhsevər insanları Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini təntənəli surətdə qeyd edirlər.

Azərbaycan da müstəqil dövlət olaraq bu Qələbəni yüksək səviyyədə bayram edir. Bu qanlı savaşda həlak olmuş həmvətənlərimizin xatirəsi ölkə rəhbərliyi tərəfindən əbədiləşdirilir, sağ qalmış müharibə veteranlarına, onların ailələrinə isə daim yüksək dövlət qayğısı göstərilir.

Faşistlərin ayağının Azərbaycan ərazisinə dəyməməsinə baxmayaraq, respublikamız cəbhə üçün arsenala çevrilmişdi. Azərbaycan cəbhə üçün təkcə əsas sərvəti olan nefti deyil, oğul və qızlarının həyatı bahasına Qələbənin əldə edilməsində müstəsna rola malikdir. Vətənimizin 640 mindən çox övladı bu müharibədə iştirak etmiş, onlardan 300 mini geri qayıtmamışdır. Bu, həlak olanların rəsmi statistikasıdır.

Lakin bu müharibədə çoxlu sayda həmvətənlərimiz itkin düşmüş hesab edilib və heç bir rəsmi sənəddə onların sayı barədə hər hansı məlumat əksini tapmayıb. Təkcə Rusiya Federasiyasının Krasnodar Vilayətinin Slavyansk-na-Kubani rayonunun Anastasiyevskoye stanitsasında 2500 nəfərdən çox insanın dəfn olunduğu qardaşlıq məzarlığında 35 azərbaycanlının, Xutor Prikubanskda isə 580 nəfərin dəfn olunduğu qardaşlıq məzarlığında 21 həmvətənimizin uyuduğu müəyyən edilib.

İstənilən kövrək sülh hətta ən kiçik müharibədən yaxşıdır. Bu müharibədə minlərlə ailə, uşaq başsız qalıb. Yüzlərlə ana, oğul-qız, qardaş-bacı, əmi-dayı, xala-bibi itkin sorağı ilə dünyasını dəyişib. Müharibədən "qara kağız"ı gələnlərin bu gün də yolunu gözləyənlər, itkin düşənləri axtaranlar var. Onlar böyük ümidlərlə yerli və xarici ölkələrin televiziya kanallarına, qəzet və jurnallara, internet saytlarına müraciət edirlər. Nəsillər dəyişsə də, ümid, istək azalmır. Hamının gözü öz itkisini axtarır.

Ötən il ərzində Slavyansk-na-Kubani rayonunun Anastasiyevskoye stanitsasının rəhbərliyinin və Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun birgə səyi və gərgin axtarışları nəticəsində hər iki məzarlıqda dəfn olunan azərbaycanlılardan 21-nin qohum-əqrəbaları müəyyən edilib. Qələbənin 70 illik yubileyi münasibətilə Rusiya Federasiyasının Krasnodar Vilayətinin Slavyansk-na-Kubani rayonunun Anastasiyevskoye stanitsasının başçısı Aleksandr Zavolokanın Milli Məclisin rəhbərliyinə göndərdiyi dəvətə əsasən parlamentin məsul əməkdaşı Eldar Əsgərov Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək məqsədilə aprelin 29-da Rusiya Federasiyasına ezam edilib.

Eldar Əsgərov və nümayəndə heyətinin üzvləri - Ermənistanın Toğulca rayonundan müharibəyə getmiş Qasımov Abbas Yolçu oğlunun qardaşı oğlu Kamran Qasımov, Naxçıvanın Qaraçuk kəndindən Novruzov Ağalar Bəylər oğlunun qardaşı oğlu Bəylər Novruzov, Şəmkir rayonunun Zəyəm qəsəbəsindən müharibəyə getmiş Hacıyev Hacı İsa oğlunun qardaşı oğlu Habil Rüstəmov, Balakən rayonu Katex kəndindən Haqverdiyev İsaməddin Murtuzəli oğlunun qardaşı oğlu Qurban Haqverdiyev, Şamaxı rayonunun Lenin sovxozundan Bəşirov Becan Baxış oğlunun qardaşı oğlu, istefada olan polis polkovniki Ramiz Baxışov, Oğuz rayonunun Muxas kəndindən Osmanov Mustafa Səlim oğlunun qardaşı oğlu Şahlar Osmanov Anastasiyevskoye stanitsasının başçısı Aleksandr Zavoloka ilə görüşüblər.

Qonaqları duz-çörəklə qarşılayan qəsəbə rəhbəri Azərbaycandan gələn qonaqları salamlayıb, Rusiya-Azərbaycan münasibətlərinə böyük önəm verdiyini bildirib.

Sonra Krasnodar vilayətinin Azərbaycan icmasının rəhbəri Vladimir Qurbanovun və icmanın üzvlərinin, Gelencik və Novorossiysk şəhərlərindən gələn azərbaycanlıların iştirakı ilə Anastasiyevka stanitsasındakı qardaşlıq məzarlığında tədbir keçirilib.

Tədbirdə qəsəbənin rəhbəri, ictimaiyyətin nümayəndələri, məktəblilər, qəsəbə sakinləri iştirak ediblər.

Anastasiyevka stanitsasının rəhbəri Böyük Vətən müharibəsində həlak olanların, burada uyuyan azərbaycanlıların xatirəsini əziz tutduqlarını vurğulayıb və bu işin gələcəkdə də davam etdiriləcəyini mitinq iştirakçılarının diqqətinə çatdırıb.

Döyüş və əmək rəşadəti muzeyinin müdiri Nina Kobılinskaya, Veteranlar Şurasının sədri Lidiya Maslyayeva, "Salanq" hərbi beynəlmiləlçilər klubunun rəhbəri Aleksandr Zaloqa, Milli Məclisin əməkdaşı Eldar Əsgərov çıxış edərək Qələbənin əldə edilməsində insan resurslarından əlavə, Bakı neftinin də xüsusi rol oynadığını vurğulayıblar.

Sonda həlak olan həmvətənlərimizin ruhuna dualar oxunub.

Azərbaycan nümayəndə heyəti Slavyansk-na-Kubani rayonunda da olub. Onları rayonun Deputatlar Şurasının sədri Qriqori Litovka qarşılayıb və Azərbaycan ilə bağlı təəssüratlarını bölüşərək Lənkəranda keçirdiyi hərbi xidmət illərindən, xalqımızın qonaqpərvərliyindən danışıb.

Nümayəndə heyəti şəhər ictimaiyyəti, Rusiyada yaşayan azərbaycanlılar və Deputatlar Şurasının sədri Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyublar.

Krasnodar vilayətinin rəhbərliyinə, Slavyansk-na-Kubani rayonunun merinə, Deputatlar Şurasının sədrinə Milli Məclisin rəhbərliyi adından xatirə hədiyyələri təqdim edilib.

Sonra qonaqlar Prikubanska yollanıblar. Burada keçirilən tədbirdə Şimali Qafqazın işğalçılardan azad edilməsi zamanı canlarından keçən həmvətənlərimizin ruhuna dualar oxunub.

Azərbaycan nümayəndə heyətinin üzvləri 1 May nümayişində fəxri qonaqlar kimi üçrəngli bayrağımız altında nümayişdə iştirak ediblər. Təmsilçilərimiz bütün bu itkilərin baş verdiyi, "Mavi xətt" adlanan əməliyyatın keçirildiyi ərazini ziyarət edib, həlak olan əsgərlərin məzarları üzərinə gül dəstələri qoyublar.

Mayın 2-də nümayəndə heyəti Novorossiysk şəhərində yaşayan azərbaycanlıların dəvəti ilə bu şəhərə yollanıb. Qonaqlar Novorossiyskdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış dörd abidəni ziyarət edib, məzarlığa gül dəstələri qoyub, bu şəhərdə yaşayan azərbaycanlılarla müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti