...

Azərbaycan yenidən IMEX beynəlxalq biznes turizm sərgisində təmsil olunacaq

Cəmiyyət Materials 13 May 2015 02:41 (UTC +04:00)
Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu "IMEX 2015" beynəlxalq işgüzar turizm sərgisində ölkəmizi təmsil edəcək.
Azərbaycan yenidən IMEX beynəlxalq biznes turizm sərgisində təmsil olunacaq

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu "IMEX 2015" beynəlxalq işgüzar turizm sərgisində ölkəmizi təmsil edəcək.

2013-cü ildə dövlət və özəl sektorun əməkdaşlığı əsasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Büro cari ilin 19 - 21 may tarixlərində Almaniyanın Frankfurt şəhərində keçiriləcək "IMEX 2015" sərgisində ikinci dəfə iştirak edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Görüşlər İttifaqı sahəsində təşkil olunan aparıcı sərgilərdən olan IMEX hər il beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və həvəsləndirici turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan yüzlərlə mütəxəssisi bir araya gətirir. Bu il sözü gedən sərgidə 74 ölkədən 3500 şirkətin təmsil olunması gözlənilir. Üçgünlük sərgi çərçivəsində 14 mindən çox alıcı və satış ziyarətçisinin iştirak etməsi gözlənilir.

Azərbaycan Konqreslər Bürosu ilə yanaşı ölkəmizi sərgidə Büronun tərəfdaşları olan və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də iştirak edəcək. Bu tərəfdaşlar siyahısına Absheron Hotel Group, Boulevard Hotel Baku, Fairmont Baku, Hilton Baku, JW Marriott Absheron Baku, Kempinski Badamdar Baku, Qafqaz Baku City Hotel & Residences, Trump International Hotel & Tower Baku, Holiday Inn Baku, Improtex Travel Tours & Conferences, Caspian Event Organisers, ENC Tours, Geo Travel, MICE.az, Millennium Tourism, PASHA Travel və Regea Travel & DMC daxildir.

"IMEX 2015" sərgisində ölkəmizin turizm imkanlarını əks etdirən 72 kv.m sahədə quraşdırılacaq stend Büronun fəaliyyəti dövründə hazırladığı ən böyük stend olmaqla yanaşı əlverişli yerləşməsi ilə də seçilir.

Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Hazırda Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı Görüşlər Sənayesi bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Xəbər lenti

Xəbər lenti