...

Fransanın tanınmış TV5MONDE telekanalı Azərbaycan haqqında maraqlı reportaj yayımlayıb (VİDEO)

Cəmiyyət Materials 13 May 2015 22:58 (UTC +04:00)
Bu günlərdə Fransanın məşhur TV5MONDE telekanalı Azərbaycan haqqında geniş reportaj yayımlayıb. Trend-in məlumatına görə, həftəlik 55 milyon izləyicisi olan, 220 ölkəni əhatəni edən kanalın “Escapade” verilişində efirə verilən reportajda ölkəmizin siyasi, iqtisadi, mədəni həyatı barədə tamaşaçılara ətraflı məlumat verilib
Fransanın tanınmış TV5MONDE telekanalı Azərbaycan haqqında maraqlı reportaj yayımlayıb (VİDEO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu günlərdə Fransanın məşhur TV5MONDE telekanalı Azərbaycan haqqında geniş reportaj yayımlayıb. Trend-in məlumatına görə, həftəlik 55 milyon izləyicisi olan, 220 ölkəni əhatəni edən kanalın "Escapade" verilişində efirə verilən reportajda ölkəmizin siyasi, iqtisadi, mədəni həyatı barədə tamaşaçılara ətraflı məlumat verilib.

Reportajda qeyd olunur ki, Cənubi Qafqazın ən inkişaf etmiş dövləti olan Azərbaycan son illər ərzində iqtisadi, siyasi, humanitar və digər sahələrdə çoxsaylı uğurlar qazanıb. Ölkənin paytaxtı Bakı olduqca müasir, eyni zamanda qədimliyini qoruyan bir şəhərdir. Burada modern üslubda inşa edilmiş binalarla tarixi tikililəri yanaşı görmək mümkündür. Bakının məşhur tarixi abidələrindən olan Şirvanşahlar sarayının tarixi və əhəmiyyəti haqqında da reportajda məlumat verilib. Verlişdə Müasir İncəsənət Muzeyinin fəaliyyəti və burada nümayiş olunan eksponatlar haqqında da bəhs olunub. Reportajda Azərbaycanda multikultral, tolerant cəmiyyətin olması xüsusi ilə vurğulanıb.

Cari ilin iyun ayında ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını diqqəti mərkəzində saxlayan reportaj müəllifləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Oyunları-2015 Əməliyyat Komitəsinin icraçı direktoru Saymon Kleqdən Azərbaycanda idmana göstərilən qayğı, Avropa Oyunlarına hazırlıq prosesi və bu yarışın gələcəkdə Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi perspektivləri kontekstində əhəmiyyəti barədə fikirlərini öyrəniblər. Avropa Oyunları üçün inşa edilən idman obyektlərindəki son tamamlanma işlərinin də işıqlandırıldığı verlişdə ölkəmizin tanınmış idmançılarının Avropa Oyunları ilə bağlı açıqlamaları da yer alıb. Güləş, bədii qimnastika və digər idman növləri üzrə Azərbaycan milli komandanın üzvləri bu cür möhtəbər yarışın ölkəmizdə keçirilməsindən məmnunluqlarını ifadə ediblər.

Dünyanın bir nömrəli idman növü olan futbola da Azərbaycanda böyük marağın olduğu qeyd edən reportaj müəllifləri "Qarabağ" futbol klubunun öz oyunlarını təmsil etdiyi Ağdam şəhərində keçirmək imkanından mərhum olmasını xüsusi vurğulayıblar. Verlişdə qeyd edilib ki, bunun səbəbi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən işğal olunmasıdır.

Reportajda xalqımızın mədəni irsinin mühüm tərkib hissəsini təşkil edən xalçaçılıq sənətinin bu günə qədər qorunub saxlanılması təqdirəlayiq hal kimi qiymətləndirilib. Bütün dünyada məşhur olan Azərbaycan xalçaları UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınıb. Opera və balet sənətinin də Azərbaycan mədəniyyətindəki rolunun danılmaz olduğunu qeyd edən müəlliflər Şərqdə ilk operanın məhz Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən bəstələnməsi faktını reportajda xüsusi vurğulayıblar. Verlişdə Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi incilərdən biri olan muğamın da yaranma tarixçəsi və xüsusiyyətlərindən bəhs olunur, habelə onun UNESKO tərəfindən "bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil edildiyi bildirilir.

Reportaj Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti