...

Konstitusiya Məhkəməsi kreditlərin qaytarılması ilə bağlı bankların xeyrinə qərar çıxartdı

Cəmiyyət Materials 16 May 2015 00:49 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin Plenumu kreditlərin qaytarılması ilə qərara baxıb və şərtlərin dəyişilməməsinə dair qərar qəbul edib.
Konstitusiya Məhkəməsi kreditlərin qaytarılması ilə bağlı bankların xeyrinə qərar çıxartdı

Azərbaycan, Bakı, 16 may /Trend/

Konstitusiya Məhkəməsinin Plenumu kreditlərin qaytarılması ilə qərara baxıb və şərtlərin dəyişilməməsinə dair qərar qəbul edib.

Konstitusiya Məhkəməsindət Trend-ə verilən məlumata görə, Plenum qərara alıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin "əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər" və həmin Məcəllənin 439.2-ci maddəsinin "əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir" müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin "ödəniş vasitəsi" müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin "pul öhdəliyi manatla ifadə edilməlidir" müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin "ödəniş müddəti çatanadək" müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn "öhdəliyin əmələ gəldiyi vaxt" müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qərar "Azərbaycan", "Respublika", "Xalq qəzeti", "Bakinski raboçi" qəzetlərində və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı"nda dərc edilsin.

Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti