...

Azərbaycanda ilk - 17802 abituriyent ali məktəbə iki müxtəlif ixtisas qrupu üzrə sənəd verib

Cəmiyyət Materials 26 May 2015 12:44 (UTC +04:00)
Azərbaycanda bu il qəbul sistemində tətbiq edilən yenilik sayəsində 17802 nəfər abituriyent ali məktəbə iki müxtəlif ixtisas qrupu üzrə sənəd verib.
Azərbaycanda ilk - 17802 abituriyent ali məktəbə iki müxtəlif ixtisas qrupu üzrə sənəd verib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu il qəbul sistemində tətbiq edilən yenilik sayəsində 17802 nəfər abituriyent ali məktəbə iki müxtəlif ixtisas qrupu üzrə sənəd verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında edilmiş dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb. Bu ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. Ali təhsil müəssisələrinin I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.

I-IV ixtisas qrupları ilə yanaşı V ixtisas qrupuna və kolleclərə ərizə təqdim edən 17802 abituriyent I-IV ixtisas qrupları ilə yanaşı V ixtisas qrupuna və kolleclərə də ərizə təqdim edib. Onlardan 4913 nəfəri V ixtisas qrupu üzrə, 12889 nəfəri isə kolleclər üzrə qeydiyyatdan keçib.

Ümumilikdə, V ixtisas qrupuna 10446 abituriyent müraciət edib. Onlardan 4894 nəfəri cari ilin, 5552 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Bu ildən həm də tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçiriləcək. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçiriləcək qəbul imtahanının nəticələrinə əsasən aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün tam (11 illik) orta təhsil bazasında 17999 abituriyent qeydiyyatdan keçib ki, onlardan da 9213 abituriyent cari ilin, 8786 abituriyent isə əvvəlki illərin məzunlarıdır.

Qeyd edək ki, V ixtisas qrupu üzrə sənəd qəbulu mayın 18-də başa çatsa da, tam (11-illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu mayın 31-dək davam edəcək. Kolleclərin müsabiqəsində iştirak etmək istəyən ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təsdiq etmiş əvvəlki illərin məzunu olan abituriyentlər və Azərbaycanın orta məktəblərini 2015-ci ildə bitirən abituriyentlər həmin vaxta kimi kolleclərə elektron ərizə təsdiq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti