...

Bakı Ali Neft Məktəbində Respublika Günü ilə bağlı tədbir keçirildi (FOTO)

Cəmiyyət Materials 27 May 2015 16:21 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 28 May - Respublika Günü münasibətilə tədbir keçirildi.
Bakı Ali Neft Məktəbində Respublika Günü ilə bağlı tədbir keçirildi (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Bakı Ali Neft Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 28 May - Respublika Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 28 May 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açdı. Rektor Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu dedi.

Rektor E.Qasımov bildirdi ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaransa da, dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu dedi. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini də vurğuladı. Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququnun verilməsi, Parlamentin, həmçinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edilən qanunların xüsusi əhəmiyyəti olduğunu dedi. Həmin dövrdə Azərbaycan dilinə dövlət dili statusu verilməsinin, 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökumətinin Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərarının da əhəmiyyətli qərarlardan biri olduğunun bildirdi.

E.Qasımov Ümummilli lider, Ulu öndər Heydər Əliyevin "müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" kəlamını xatırladaraq, bildirdi ki, Ümummilli lider Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Rektor E.Qasımov bildirdi ki, Ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır. O, qeyd etdi ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir və Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının həm də xalqımızın milli məfkurəsinin əsasını qoyduğunu deyən E.Qasımov bu əlamətdar günün ölkəmizdə hər il bayram kimi qeyd edildiyini vurğulayaraq, bu münasibətlə BANM kollektivini təbrik etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti