...

Azərbaycanda hotellər qiymətlərini endirməyə başladı

Cəmiyyət Materials 25 İyul 2015 14:09 (UTC +04:00)
Ölkə prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsi ilə əlaqədar səsləndirdiyi iradlardan sonra əskər hotellərdə xidmətlərin qiymətləri endirilib.
Azərbaycanda hotellər qiymətlərini endirməyə başladı

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Ölkə prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsi ilə əlaqədar səsləndirdiyi iradlardan sonra əksər hotellərdə xidmətlərin qiymətləri endirilib.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov deyib.

O bildirib ki, hazırda AzTA və Mədəniyyət və Turizm Nazirliyi hotellərdə otaq nömrələrinin qiymətlərinin endirilməsi ilə bağlı işlər aparır, görüşlər keçirir: "Bunun nəticəsi olaraq, artıq əksər hotellər qiymət siyasətinə yenidən baxaraq müəyyən endirimlər edib, otaq nömrələrinin qiymətlərini minimum 20-30 faiz ucuzlaşdırıblar.

N.Bağırov qeyd edib ki, endirimlərin bundan sonra da davam etməsi gözlənilir və hazırda bu istiqamətdə işlər aparılır: "Artıq əksər hotellər qiymətlərdə endirimlər edilir. Biz bu barədə yaxın müddət ərzində ictimaiyyətə əlavə məlumat verəcəyik".

Assosiasiya sədri deyib ki, brend hotellərin fəaliyyətinin koordinasiyası Bakıdan olmadığı üçün yalnız yerli - Bakı və regionlarda yerləşən hotellərdə qiymət siyasətinin dəyişdirilməsi üçün danışıqlar aparılır: "Qiymətlərin aşağı salınması elə də asan məsələ deyil. Çünki hotellər şirkətlərlə müqavilə bağlayır və fəaliyyətlərini bu istiqamətdə qururlar. Bu müqavilələr dəyişdirilməlidir".

Assosiasiya sədri bildirib ki, əslində, Gürcüstanla müqayisədə Azərbaycanda "beş" ulduzlu hotellərin qiymətləri ucuzdur: "Gürcüstanda 5 ulduzlu hoteldə bir otaq nömrəsinin bir günlük qiyməti 320 dollar olduğu halda, Azərbaycanda bu qiymət 240-150 dollar arasında dəyişir. Gürcüstanda "iki", "üç" ulduzlu hotellər çox olduğundan turistlər bu hotellərdə qalmağa üstünlük verirlər. Bizdə "iki", "üç" ulduzlu hotellərin olmaması bu baxımdan problem yaradır".

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda, xüsusilə bölgələrdə hotellərin qiymətinin baha olduğunu deyib: "İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Hazırda Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq "beş" ulduzlu olmayan otellərin qiymətləri bahadır. Bölgələrdə, rayon yerlərində elə qiymətlər qoyurlar ki, heç adam oraya getmək istəmir".

Azərbaycanda "üç" ulduzlu otellər azdır, "iki" ulduzlu otellər yoxdur: "O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və "üç" ulduzlu, "iki" ulduzlu otellərin tikintisi. Yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi də bu məsələlərlə bağlı tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunları eşitsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti