...

Azərbaycanın bal bazarında hansı dəyişikliklər baş verib?

Cəmiyyət Materials 11 Sentyabr 2015 08:11 (UTC +04:00)
Ötən ildən fərqli olaraq, bu il Azərbaycanda bal qıtlığı yaranmayacaq.
Azərbaycanın bal bazarında hansı dəyişikliklər baş verib?

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən ildən fərqli olaraq, bu il Azərbaycanda bal qıtlığı yaranmayacaq. Eyni zamanda, bu il balın qiymətində hər hansı bahalaşma baş verməyib. Bunu Trend-ə böyük arıçılıq təsərrüfatı olan arıçılar deyiblər.

"Arıçı" şirkətinin rəsmi nümayəndəsi Emin Bağırov Trend-ə bildirib ki, 2014-cü ildə Azərbaycanda, xüsusilə, dağlıq ərazilərdə quraqlıq olduğundan bir çox arıçılar istədikləri qədər məhsul götürə bilməmişdilər. Ötənilki hava şəraiti hətta arıların sayının azalmasına səbəb olmuşdu: "Ötən il bəzi təsərrüfatlarda arıların hətta 50 faizi qırıldı. Amma bu il nisbətən vəziyyət yaxşı olub. Bu il nisbətən Şamaxıda istədiyimiz qədər məhsul götürə bilmədik. Bu da təbii faktorlarla - hava şəraiti ilə əlaqədardır".

Payız balı nisbətən az olsa da, may-iyun aylarında bal yaxşı olub

E.Bağırov deyir ki, arıçılıqda məhsulun yaxşı əldə edilməsi üçün ilk növbədə hava şəraiti mühüm rol oynayır: "Xüsusilə, yaz aylarında havanın yağıntılı keçməsi arıların məhsuldarlığına ciddi təsir edir. Amma yağan yağış da çox güclü olmalı deyil. Yağış bir az gec yağdıqda biz ən optimal dövrü keçirmiş və uduzmuş oluruq. Ötən il ağacların çiçək açdığı dövrdə - aprel-may aylarında yağış yağmadığından balın həcmi az oldu".

E.Bağırov bildirir ki, bu il Şamaxıda toplanılan balın məhsuldarlığı az olsa da, Aran rayonlarında məhsuldarlıq yaxşı olub. Bəzi təsərrüfatlar bir yeşikdən hətta 40 kq-a qədər bal toplaya biliblər ki, bu da çox yaxşı nəticə hesab edilir.

Zaqatala rayon Arıçılar İttifaqının sədri, "Eco-Zaqatala" LTD şirkətinin direktoru Mövluddin Qurbanəliyev isə Trend-ə bildirib ki, 2013-2014-cü illə müqayisədə bu il arıçılıq sahəsində çox yaxşı məhsul əldə edilib. Payız balı nisbətən az olsa da, may-iyun aylarında bal və digər arıçılıq məhsulları yaxşı olub.

Arıçıların hazırkı problemi

E.Məmmədovun sözlərinə görə, arıçıların, xüsusilə də kiçik və orta təsərrüfatı olan arıçıların hazırkı problemi məhsullarını bazara çıxara bilməməsidir: "Məhsulun daşınması, qablaşdırılması, onun bazarda tanıdılması əlavə xərclər tələb edir ki, arıçıların da buna imkanı çatmır. Biz bal kimi məhsulu öz süfrəmizdə itirmişik. Bunun əvəzində isə süfrəmizi şokolad yağı kimi məhsullarla bəzəmişik. Aydındır ki, onlar insana bal kimi xeyir vermir. Buna görə də balın nüfuzunu qaytarmaq lazımdır. İnsanlar arasında maarifləndirmə işləri aparaq onun faydasını təbliğ etmək lazımdır".

Azərbaycanda tam təmiz olan yeni bal hazırlanacaq, amma...

Azərbaycanda ilk dəfə olaraq, orqanik, yəni ekoloji baxımdan tam təmiz olan balın hazırlanması da nəzərdə tutulur.

M.Qurbanəliyev bildirir ki, həmin bal təmiz bal adı ilə satılan ballardan çox fərqlənəcək.

Arıçı deyir ki, hazırkı ballar təmiz olsa da, onlar tam şəkildə beynəlxalq standartlara cavab vermir. Ekoloji baxımdan təmiz olan balın tərkibi bütün standartlara cavab verməlidir.

M.Qurbanəliyevin sözlərinə görə, hazırda bütün arıçılıq təsərrüfatlarında dərman preparatlarından istifadə edilir: "Yaz və payız aylarında arılara müəyyən yemləmələr şirə ilə verilir. Ancaq ekoloji baxımdan təmiz məhsul əldə etmək üçün dərmanlardan istifadə etmək, şirə vermək qadağandır. Bununla yanaşı, arıcılıq təsərrüfatı yaşayış məntəqəsindən 5-8 km aralı, asfalt yoldan 3 km aralı olmalı, istifadə edilən bütün materiallar paslanmayan olmalıdır. Bunun üçün təsərrüfatda daxili nəzarət sistemi də yaradılmalıdır".

O, əlavə edib ki, "Eco-Zaqatala" LTD şirkəti ekoloji baxımdan təmiz məhsul əldə etmək üçün İMO və İSO beynəlxalq sertifikatlarını da almağı nəzərdə tutur: "Hazırda belə məhsulun əldə edilməsində problem yaradan yeganə məsələ tələb olunan böyük maliyyə vəsaitinin olmamasıdır. Əgər müəssisə bu məqsədlə kredit ala bilsə, bunu 1 il ərzində reallaşdıra bilər".

M.Qurbanəliyev ekoloji baxımdan təmiz olan balın qiymətinin digər ballardan baha olacağını da deyib. Onun sözlərinə görə, hazırda balın 1 kq-nın qiyməti orta hesabla 20-30 manat olduğu halda, belə balın 1 kq-nın qiyməti 40-50 manat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti