...

Finlyandiyalı təhsil ekspertləri BDU-da olublar (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2015 17:17 (UTC +04:00)
Helsinki Universitetinin Davamlı təhsil palmeniya mərkəzinin rəhbəri Kauko Hamalaynen və Fin təhsilin qiymətləndirilməsi mərkəzinin baş planlaşdırma mütəxəssisi Sirpa Moitus “Twininq” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) olublar.
Finlyandiyalı təhsil ekspertləri BDU-da olublar (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Helsinki Universitetinin Davamlı təhsil palmeniya mərkəzinin rəhbəri Kauko Hamalaynen və Fin təhsilin qiymətləndirilməsi mərkəzinin baş planlaşdırma mütəxəssisi Sirpa Moitus "Twininq" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) olublar.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, təhsilin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə baş tutan görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Tədris elektron mərkəzinin müdiri, professor Məlahət Qurbanova, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Tədris hissəsinin rəisi İbad İbadov və tyutorlar iştirak ediblər.

2005-ci ildən Azərbaycan universitetlərinin Boloniya prosesinə imza atdığını deyən prorektor Aydın Kazımzadə Bakı Dövlət Universitetində bu prosesin tətbiq edilməsindən danışıb, təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin xarici standartlara uyğun olması barədə məlumat verib. Universitetdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə yaradılan mərkəzlər haqqında danışan prorektor Tədris elektron mərkəzinin bu növ qurumlara aid olduğunu qonaqların nəzərinə çatdırıb. Qiymətləndirilmədə obyektivliyin əsas tutulduğunu vurğulayan prorektor İradə Əliyeva, eyni zamanda, tədrisin qiymətləndirilməsi prosesinin tələbələr arasında rəy sorğusu və metodiki şuranın dərslərdə iştirakı vasitəsilə aparıldığını bildirib. Prorektorun sözlərindən məlum olub ki, qiymətləndirmədən keçməyən müəllimlər ixtisasartırma kurslarına cəlb olunurlar.

Tədbirdə Bolonya Prosesinin və Avropa Kredit Transfer Sisteminin tətbiqi üzrə əldə edilən nailiyyətlər, qarşıya çıxan problemlər və onların həlli yolları geniş müzakirə olunub. Sonda qonaqlar universitetin Tədris Elektron Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti