...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 5 Oktyabr 2015 14:42 (UTC +04:00)
Hörmətli professorun fikrincə, deməliyəm ki, mən də bu qənaətdəyəm, Türkiyə 90-cı illərin əvvəllərində bütün regional maneələrə baxmayaraq, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan, Xəzər hövzəsində isə Qazaxıstan və Türkmənistanla geosiyasi, geoiqtisadi və hərbi geostrateji tərəfdaşlığın möhkəmlənməsi yönündə ciddi addımlar atmış, buna əsasən də nail olmuşdur.
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Hörmətli professorun fikrincə, deməliyəm ki, mən də bu qənaətdəyəm, Türkiyə 90-cı illərin əvvəllərində bütün regional maneələrə baxmayaraq, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan, Xəzər hövzəsində isə Qazaxıstan və Türkmənistanla geosiyasi, geoiqtisadi və hərbi geostrateji tərəfdaşlığın möhkəmlənməsi yönündə ciddi addımlar atmış, buna əsasən də nail olmuşdur.

Belə ki, Türkiyə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həm Azərbaycan, həm də Gürcüstan ordu quruculuğu sərhəd təhlükəsizlik sistemlərinin yaradılması və s. sahəsində bir çox strateji işlər həyata keçirmişdir. 2002-ci ildə Trabzonda Türkiyə-Azərbaycan-Gürcüstan arasında "hərbi əməkdaşlıq, silah qaçaqmalçılığı, sərhəd pozuculuğu, narkotik maddələrin dövriyyəsi və transmilli cinayətkarlığa qarşı mübarizə" haqqında, 2007-ci ildə isə "təhlükəsizlik sahəsində regional əməkdaşlıq", Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi və istifadəsi haqqında bir neçə saziş imzalanmışdır.

Qeyd etmək lazımdır ki, bütün bu imzalanmış sənədlər toplusunda Türkiyənin Cənubi Qafqazdakı siyasətində (düşünürəm ki, yaxın zamanlarda bu münasibətlər təkcə Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsi ilə əhatələnməyəcək, eyni zamanda regionun digər bölgələrinə də sirayət edəcək, çünki TAP və TANAP layihələri işə düşdükdən sonra Türkiyənin və Azərbaycanın nüfuzu təkcə regionda deyil, həm də Avropada xeyli artacaq.

Təsadüfi deyil ki, Türkiyə geosiyasi, geoiqtisadi maraqlarını nəzərə alaraq, eyni zamanda Avropada siyasi təsir gücünü qorumaq, daha da artırmaq naminə Rusiya ilə bağladığı "Türk axını" layihəsindən tam imtina etməsə də, onu əngəllədi, TAP və TANAP layihələrinə üstünlük verdi.) Azərbaycan əsas müttəfiq rolunda, Gürcüstan isə tərəfdaş qismində yer tutur.

Müəllif, rəsmi Bakının da mövqeyini ortaya qoyaraq yazır ki, hazırda Türkiyənin Avrasiyadakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqelərinin güclənməsi, Xəzər hövzəsi və Orta Asiyanın zəngin karbohidrogen ehtiyyatlarının Avropaya ixracı marşrutlarının mərkəzinə və əsas tranzit ölkəyə çevrilməsi, ilk növbədə, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan kimi müttəfiqlərinin mövcudluğu və bütün sahələrdə rəsmi Bakının bu ölkəyə verdiyi dəstəklə bağlıdır.

Nəhayət, müəllif Türkiyə-Azərbaycan geosiyasi münasibətlərinin gələcəkdə hansı müstəvi üzərində qurulması üçün yazır: "O ki qaldı Türkiyənin Qafqaz siyasətinə, fikrimizcə bu siyasət elə qurulmalı və Azərbaycanla münasibətləri hərtərəfli və hüquqi-normativ baza əsasında elə həyata keçirilməlidir ki,

Əvvəla, bu münasibətlər bərabər hüquqlu, qarşılıqlı-faydalı olsun, hər iki dövlətin siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik maraqlarına cavab versin və onların sivil beynəlxalq münasibətlərə tam uyğunluğu tam açıq-aşkar seçilsin;

İkincisi, iki dövlət arasındakı əlaqələr müttəfiqlik prinsiplərinə söykənməklə yanaşı, həm də Bakı ilə Ankaranın başqa ölkələrlə əlaqələrinə xələl gətirməməlidir.

Hər bir dövlət özünün üçüncü dövlətlə və yaxud dövlətlərlə münasibətlərində sərbəst olmalı və həmin subyektlərlə münasibətlərindən bir-birinin ortaq mənafeələrinin qorunması məqsədi ilə istifadə etməlidir.

Üçüncüsü, Türkiyə-Azərbaycan hər iki dövlətin müstəqil dövlətçiliyinin, konstitusiya quruluşunun qorunmasına və inkişafına, ərazi bütövlüyünün saxlanmasına xidmət etməli...

Dördüncüsü, beynəlxalq aləmdə bir-birinin təəssübünü çəkməli, maraqlarını qorumalı, eyni zamanda yalnız beynəlxalq hüquq normalarına uyğun şəkildə etməlidirlər". (Bax. s. 351)

***

Qonşularımızdan önəmli biri olan İran İslam Respublikası (İİR) özünə məxsus geosiyasi, geoiqtisadi və hərbi strateji davranışı ilə seçilməklə yanaşı, həm də Avrasiya kimi böyük bir regionda, o cümlədən Orta Asiyada, Əfqanıstan, Pakistan, Cənubi Qafqaz ərazilərində özünü bu regionun təcəssümü hesab edir.

İranın siyasi sistemi islam dəyərlərinin şiə məzhəbinə söykənən və Konstitusiya quruluşu Ali Ruhani Şura tərəfindən mühafizə olunan teokratik dövlətdir və özünün əsasən zəngin neft və qaz ehtiyatları ilə seçilən, eyni zamanda anti-amerikan siyasəti ilə tanınır.

İran İslam Respublikası coğrafi baxımdan əlverişli bölgədə yerləşir, belə ki, bu ölkənin sərhədləri bir tərəfdən Azərbaycan Türkiyə və Ermənistan sərhədləri ilə, digər tərəfdən Fars (kəngər) körfəzi ilə əhatələnir. Üçüncü tərəfdənsə Şərqdə Əfqanıstana və Orta Asiyaya çıxışı ilə fərqlənir. Bu baxımdan Avrasiya İran üçün çox önəmli regional əhəmiyyət daşıyır və özünü geoiqtisadi problemlərini, əsasən, bu məkanda həll etməyə çalışır.

Tarixi baxımdan "İran" termini coğrafi ada malik olub, yalnız 1936-cı ildən başlayaraq Rza şahın Millətlər liqasına göndərdiyi məktubda göstərildiyi kimi, bu termin siyasi çalarlar daşımağa başlayıb.

"İran" adının tarixən bir dövlət kimi hallanmasının maraqlı bir tarixçəsi var. Belə ki, Qərbin siyasətçiləri və tarixçiləri Orta əsrlərdən başlayaraq bu ölkənin o zaman dünyaya ağalıq etmək iddiasında olan və bu ölkə ilə qonşu olan Osmanlı imperiyasından dini və siyasi baxışlarını fərqləndirmək üçün bu dövləti gah İran, gah da Persiya adlandırmışdılar, baxmayaraq ki, hər iki dövləti türk kökənli sultan və şahlar idarə edirdi və əhalinin çoxluğunu da milli etnik kimi türklər təşkil edirdi.

Yalnız məzhəb (sünnü və şiə) ayrılığı bu iki imperiya arasında uzun əsrlər müharibə davam etmiş, bir-birlərinə kafir damğası vurmaqdan belə çəkinməmişlər. Ümumiyyətlə, İranın siyasi termin kimi çalar daşıması X əsrdə yaşayıb yaratmış Əbdülqasım Firdovsinin "Şahnamə" əsərindən başlayır. İran coğrafi termin kimi Əfqanıstanla sərhəddə yerləşən "İran yaylası" adını daşıyırdı. Lakin "Şahnamə" əsərində bu coğrafi termin siyasi terminlə əvəzlənir, bu kitabda olmayan iki dövlətin (İtan-Turan) arasında gedən müharibədən bəhs edilir.

Bu ərazilərdə mövcud olan dövlətlər İran adı ilə deyil, tarixdə mövcud olan və mənbələrin istinad etdiyi bəlgələrlə adlandırılmışlar. Məsələn, Əhəmənilər, Sasanilər imperiyaları, Ərəb xilafəti belə qəbilədəndirlər. Yaxud, min il ardıcıl olaraq bu ərazilərdə hökmranlıq etmiş türklər də öz dövlətlərinin adlarını İran adlandırmamışlar, möhürlərində də "İran" sözü yoxdur. Səlcuqlar, osmanlı, hülaki, çobani, teymuri, qara qoyunlu, ağqoyunlu, səfəvi-qızılbaş; avşar, qacar dövlətlərinin mövcudluğu və fəaliyyəti buna bariz nümunədir.

Qayıdaq müasir İİR-nin geosiyasi məkanda yürütdüyü siyasətə. Müəllifin fikrinə görə İran Cənub-Şərqi Asiya ölkələri ilə və Rusiya ilə əlaqə baxımından Avrasiyaya həm də tranzit region kimi xüsusi diqqət yönəldir. Lakin bu ölkədə Rusiya kimi, Avropa istiqamətində öz tranzit imkanlarına xələl gətirməmək üçün digər region dövlətlərinə-xüsusən, Azərbaycan, Gürcüstan və Türkiyəyə ciddi rəqib kimi yanaşır.

İran çalışır ki, bütün Şərq-Qərb əlaqələri, layihələri Cənubi Qafqazdan, hətta Rusiyadan, Cənubi Qafqazdan, Türkiyədən yan keçməklə, Çindən başlayaraq Orta Asiya-İran-Fars körfəzi vasitəsilə reallaşsın. Odur ki, Əli Həsənov yazır: "İran bölgənin lider dövləti və dünyadakı şiə məzhəbli müsəlman rejimlərinin "əsas himayəçisi" statusuna iddia edərək, Avrasiyanın Orta Asiya və Cənubi bölgəsində, Rusiyanın müsəlman əhalisi olan bölgələrində, Türkiyə, İraq, Əfqanıstan və s müsəlman dövlətlərində özünün maddi, mənəvi, strateji, ideoluji, informasiya və s maraqlarını, geosiyasi mexanizmlərini daim genişləndirməyə cəhd edir. Onun xarici siyasətinin əsas priozitetləri də məhz bu vəzifələrin reallaşdırılması üzərində cəmlənmişdir". (Bax. s. 355)

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti