...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 30 Oktyabr 2015 12:25 (UTC +04:00)
Əli Həsənov öz kitabında qeyd edir ki, 2000-ci ildə bəhs olunan beş ölkə öz aralarında yeni bir geoiqtisadi təşkilat - Avrasiya İqtisadi Birliyini yaratsalar da, bu qurum göstərilən səbəblərdən irəli gələn taleyi yaşamağa məhkum olmuşdur.
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əli Həsənov öz kitabında qeyd edir ki, 2000-ci ildə bəhs olunan beş ölkə öz aralarında yeni bir geoiqtisadi təşkilat - Avrasiya İqtisadi Birliyini yaratsalar da, bu qurum göstərilən səbəblərdən irəli gələn taleyi yaşamağa məhkum olmuşdur.

Üç dövlət (Rusiya, Belarus və Qazaxıstan) arasında yaradılmış "Gömrük İttifaqı" Qırğızıstan və Tacikistanın da qoşulması ilə qurum Avrasiya Beynəlxalq İqtisadi Birliyinə çevrilmişdir. Birliyin əsas vəzifələri əksər MDB ölkələrini də öz sıralarına cəlb etməklə üzv ölkələr arasında ümumi gömrük sərhədlərinin müəyyənləşdirilməsi, vahid gömrük tarifinin tətbiqi və xidmət rejiminin yaradılması hesab edilir.

Lakin, bu qurumun 2000-ci ildən qeyd etdiyi qərarların əksəriyyətinin hələ də kağız üzərində qalması və bəzilərini isə həyata keçirərkən qəsdən ləngidilməsi, bürokratik aparatın demək olar yoxluğu ondan xəbər verir ki, bu qurum da öz ömrünü uzun yaşamayacaq, çünki, bu quruma daxil olmaq istəməyən geosiyasi anlamda strateji əhəmiyyət daşıyan dörd ölkə var- biri MDB məkanından uzaqlaşan Gürcüstan, digərləri isə Ukrayna, Azərbaycan və Türkmənistandır. Ukrayna ilə Rusiya arasında birincinin şərqində elan olunmamış müharibələr və zorla Krımın işğal olunması ona dəlalət edir ki, Ukrayna birbaşa Qərbyönlü inkişafa istiqamət götürüb və demək olar ki, bu istiqamətdən onu döndərmək mümkünsüzdür.

Türkmənistanın özünün karbohidrogen ehtiyatlarını təkbaşına dünya bazarlarına cıxartmaq istəyi və bu dövlətin başqa ölkələrdən demək olar ki, təcrid olunması, qapalı inkişafa üstünlük verməsi onun adı çəkilən quruma üzv olmasını sıfıra endirir. Azərbaycan isə işğalçı dövlət olan, ərazilərinin 20 faizini işğal edən, bir milyon insanın qaçqın düşməsinə səbəb olan Ermənistanla birgə Gömrük İttifaqında, yaxud Avrasiya Beynəlxalq Birliyində təmsil olunmaq istəmir. Hətta, Rusiyanın təkidlərinə baxmayaraq, əgər Azərbaycan bu quruma daxil olacaqsa dövlətimiz rəsmi Moskva qarşısında öz şərtlərini irəli sürəcək. (Əslində bu şərtlət zaman-zaman irəli sürülüb.) - qeydsiz-şərtsiz işğal olunmuş torpaqlar azad edilsin. Buna da Moskva geosiyasi məkanda vassallarının yanında nüfuzunu itirməmək üçün yox deyəcək, beləcə məsələ qapanmamış qalacaq.

Əli Həsənov yazır: " MDB çərçivəsində daha çox müstəqil siyasət yürüdən və Qərbə meylliliyi ilə ölkələrin 1997-ci ildə təsis etdiyi GUAM adlanan qurumun yaranması isə regiondakı geosiyasi proseslərin digər əsas göstəricilərindən hesab oluna bilər.

Tədqiqatçıların fikrinə görə, GUAM-ın yaranmağı MDB daxilində cərəyan edən tendensiyaların və yaşanan proseslərin ən obyektiv və qanunauyğun nəticələrindən biri idi. Çünki yarandığı gündən MDB adından bəyan edilən, əslində isə Rusiyanın mövqeyini əks etdirən bəzi qərarlara, yanaşmalara münasibətdə GUAM üzvü olan dövlətlər (Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova) həmişə fərqli mövqelərdən çıxış ediblər". (Bax. s. 412)

Qeyd edək ki, GUAM ölkələrinin öz çıxışlarında, birgə iclaslar zamanı verdiyi bəyanatlarında ölkələrinin demokratiya, qanunun aliliyi, azad söz ifadəsini, sərbəst toplaşmağı, bir sözlə insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə sadiqliyi naminə GUAM dövlətləri arasında tam bərabərhüquqlu əlaqələrin, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərdiklərini bildiriblər. Nəzərdən qaçırmaq olmaz ki, GUAM dövlətlərinin qərbyönümlü istiqamətdə fəaliyyəti həm də müəyyən obyektiv səbəblərə söykənir.

Bunlardan birincisi, Dağlıq Qarabağ, gürcü-osetin, gürcü-abxaz, Dnestryanı münaqişələrə, Krımın işğal olunmasına və s. məsələlərə yanaşmada rəsmi Moskvanın nümayiş etdirdiyi mövqe GUAM-a üzv olan dövlətlərin Rusiya ilə münasibətlərinə mənfi təsir göstərir, digər tərəfdə isə bu ölkələrin özünümüdafiə instiklərini gücləndirək, onları birləşməyə və etnik separatizmə qarşı birgə müqavimət göstərməyə istiqamətləndirir.

İkincisi, hörmətli professorun yazdığı kimi, Qərbi Avropa ilə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması və s. məsələlərə münasibətdə də GUAM dövlətlərinin fikri və mövqeyi Rusiya ilə üst-üstə düşmür.

Etiraf edək ki, hər hansı bir layihənin bölgədə Rusiyasız həyata keçirilməsinə rəsmi Moskva çox qısqanclıqla yanaşır, buna qarşı siyasi fəaliyyətini gücləndirərək ya onun ərazisindən keçməsinə çalışır, ya da ki layihəni əngəlləmək, həyata keçməməsi üçün təhdidlərdən belə çəkinmir. Rəsmi Moskva daima çalışır ki, regionda vaxtı ilə SSRİ-nin oynadığı rolu oynasın. Bunun üçün xarici siyasətinin prioritetlərinə də bu istiqamətdə qurur və fəaliyyət göstərir.

Bu baxımdan bəzi MDB dövlətləri və Çin tərəfindən 2001-ci ildə yaranan, ən mühüm subregional təşkilatlarından biri, öndə gedəni Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Qeyd edək ki, ŞƏT əhatə etdiyi ərazi və əhali sayına görə, nəinki Avrasiyanın, həmçinin dünyanın ən nəhəng strukturlarından hesab olunur. Son illərdə isə ABŞ-ın və Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Moskvanı ŞAT-in və BRİKS-in fəaliyyətinin güclənməsinə diqqəti yönəldir. Tez-tez bu qurumlar arasında görüşlər, iclaslar keçirilir. Avrasiya məkanındakı etnik yaxınlığına söykənən təşkilatlardan biri də Türkdilli Dövlətlər Birliyidir (TDB).

Bu qurumun yaradılmasında Türkiyə fəallığı ilə seçilir. SSRİ dağıldıqdan sonra, əvvəlcə qeyri-hökumət təşkilatları səviyyəsində, daha sonra isə dövlətlər səviyyəsində (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan)toplanaraq subregional səviyyədə mühüm qərarlar verməyə başladılar.
Müəllif bu qurumun fəaliyyəti ilə bağlı qeyd edir ki, TDB-nin indiyə qədər keçirilən zirvə toplantılarında türkdilli dövlətlərin geosiyasi və geoiqtisadi inteqrasiyasına xidmət edən mühüm qərar qəbul edilib.

Lakin, yuxarıda adı çəkilmiş bütün hökumətlərarası qurumlarda olduğu kimi, TDB çərçivəsində də müəyyən addımlar atılsa da, qəbul olunmuş qərarların bir çoxu yalnız kağız üzərində qalmışdır. Türkiyə-Azərbaycan münasibətləri istisna olmaqla, Türkdilli dövlətlərin MDB və TDB çərçivəsində reallaşdırdığı geoiqtisadi, geosiyasi, hərbi-geostrateji, sosial və mədəni inteqrasiya qənaətbəxş hesab oluna bilməz.

Əli Həsənov MDB məkanında geosiyasi proseslərin inteqrasiyasını, yaxud mərkəzdənqaçmanı aşağıdakı amillərlə yekunlaşdırır. O yazır: "Beləliklə, göründüyü kimi, həm MDB, həm də bütövlükdə Avrasiya çərçivəsində və onun ətrafında cərəyan edən geosiyasi, geostrateji prosesləri Avrasiya məkanında mövcud olan bütün dövlətləri əhatə etmişdir...

...Bu münasibətlərin əhatəsi və xarakteri yalnız obyektiv səbəblər, yaxud ölkələrin təbii ehtiyacları ilə deyil, həm də bəzi subyektiv amillərlə bağlıdır. Bu amillər sırasına:

• regiondakı fərqli geosiyasi mənafelərin, transmilli və milli maraq dairələrinin toqquşması;
• Xəzər dənizinin zəngin enerji qaynaqlarına sahiblik uğrunda planetar geosiyasi mübarizənin artmasını;
• Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizi ətrafında mövqelərin kəsişməsini;
• yeni dünya nizamı şəraitində bəzi ölkələrin dünyada və Avrasiyada hegemonluğa can atmasını;
• bölgə ölkələrinin dünyada mövcud olan təhlükəsizlik sistemlərinə fərqli münasibətlərini;
• dünyada dinlər və sivilizasiyalararası münasibətlərin kəskinləşməsini və s. məsələləri aid etmək olar. (Bax. s. 423)
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti