...

Azərbaycanda internet yaxın saatlarda bərpa olunacaq (ƏLAVƏ OLUNUB-4)

Cəmiyyət Materials 16 Noyabr 2015 18:19 (UTC +04:00)
Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet kəsilib.
Azərbaycanda internet yaxın saatlarda bərpa olunacaq (ƏLAVƏ OLUNUB-4)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:46-da yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet kəsilib.

"Delta Telecom"dan Trend-ə bildiriblər ki, bu, texniki problemlərlə bağlıdır: "Problem onunla əlaqədardır ki, DATA-mərkəzə qoşulan kabellər işləməyib. Hazırda problemləri aradan qaldırırıq".

İnternetin kəsilməsi ölkənin elektron ödəniş sisteminin işində də problemlər yaradıb.

X X X

"MilliKart" prosessinq mərkəzinin rəhbəri Cəlal Orucov Trend-ə deyib ki, internetin olmaması əksər bankomatların işinə təsir etməməlidir, çünki onlar xüsusi olaraq ayrılmış xətlə işləyirlər.

O, qeyd edib ki, POS-terminalların işində problemlər ola bilər.

"AzeriCard"dan isə Trend-ə qeyd ediblər ki, prosessinq mərkəzində xidmət göstərilən bankomatların və POS-terminalların əksər hissəsi GPRS-ə qoşulub, buna görə də onlar işləmir: "Yalnız köhnə sistem üzrə fəaliyyət göstərən qurğular (onların sayı çox deyil) işləyir. Prosessinq mərkəzinin özü isə işləməyə davam edir və kartlarla həyata keçirilən bütün prosesləri izləyir. Buna görə də problem yaranarsa, onları aradan qaldıra bilər".

X X X

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Trend-ə bildirib ki, problem ilkin provayder "Delta Telecom"un DATA-mərkəzinə qoşulan xətlərin birində baş vermiş yanğınla əlaqədardır.

Onun sözlərinə görə, yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb, hazırda bərpa işləri aparılır.

Mobil operatorlardan yalnız "Delta Telecom"a qoşulmuş "Azercell"in interneti yoxdur, "Azerfon" (Nar ticarət markası) və "Bakcell" digər provayderə - "AzerTelecom"a qoşulub.

X X X

"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə deyiblər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının şəbəkəyə öz çıxış xətti var, buna görə də internetin kəsilməsi aeroportun işində problem yaratmayıb.

Bakı Fond Birjasından Trend-ə bildiriblər ki, internetin kəsilməsi elektron sövdələşmələrlə bağlı problem yaratmayıb, çünki onlar internet kəsilməzdən əvvəl başa çatıb.

Azərbaycan İpoteka Fondundan isə Trend-ə deyiblər ki, problemlər "Elektron hökumət" portalının işinə təsir etməyib, çünki portal "AzerTelecom" provayderinə qoşulub.

X X X

Azərbaycanda internet yaxın 2-3 saat ərzində bərpa olunacaq. Bu barədə Trend-ə "Delta Telecom"dan məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti