...

"Məzun evi" valideyn himayəsindən məhrum olmuş məzunların istifadəsinə verildi (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2015 17:02 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi" dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verildi.
"Məzun evi" valideyn himayəsindən məhrum olmuş məzunların istifadəsinə verildi (FOTO)

Bakı. Trend:

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" sosial müəssisəsi (Abşeron rayonu, Masazır kəndi, "Duz zavodu" yolu, 2-ci massiv, ev 1) dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin məzunlardan artıq 90 nəfəri "Məzun evi"nə köçürülərək, burada normal yaşayış üçün lazımi məişət avadanlıqları və inventarlarla, kommunal xidmətlərlə təmin olunublar. Yaxın bir neçə gündə daha 30 nəfər məzunun da burada yerləşdirilməsi həyata keçiriləcək.

"Məzun evi"nin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev vurğulayıb ki, bu gün respublikamızda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında başlanılıb.

Bu məqsədlə Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında dövlət büdcəsindən vəsait ayrılmaqla, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olunub. Sonrakı mərhələlərdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi də nəzərdə tutulub.

Qeyd olunub ki, yeni inşa olunmuş yaşayış binası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərir. 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarla müəssisənin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar öz istəkləri nəzərə alınmaqla "Məzun evi"nə yerləşdirilirlər. Bununla əlaqədar onların hər biri ilə Dövlət Sosial Təminat Xidməti arasında müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır.

"Məzun evi"ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunacaq. Məzunlar onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqlarına malik deyillər.

Tədbir iştirakçıları dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verilən mənzillərə baxış keçiriblər. Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib, normal yaşayış üçün müasir şərait yaradılıb. Bildirilib ki, müəssisədə 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var ki, onlarda məzunların özləri işləyəcək, bununla da ümumilikdə 35 məzun işlə təmin olunacaq.

Binanın yeni sakinləri valideyn himayəsindən məhrum uşaqların daim Prezident cənab İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq, dərin minnətdarlıq hisslərini ifadə ediblər. Onlar bu böyük diqqət və qayğını daim cəmiyyətin layiqli üzvləri kimi yaşayıb fəaliyyət göstərmələri ilə doğruldacaqlarını diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti