...

Dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2015 09:27 (UTC +04:00)
Hazırda dəmir yolunun tarixində çox əlamətdar bir dövrdür. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir.
Dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur  (FOTO)

Bakı. Trend:

Hazırda dəmir yolunun tarixində çox əlamətdar bir dövrdür. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyi, bütün sahələr kimi, elektrik təchizatı sisteminin də müasir tələblərə cavab verən və qənaətcil sistemə keçirilməsinə xüsusi önəm verir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, hazırda Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi istiqamətində işlər 4 sahə üzrə mərhələlərlə davam etdirilir. 1-ci hissə Böyük-Kəsik-Gəncə sahəsi; 2-ci hissə Gəncə-Ucar sahəsi; 3-cü hissə Ucar-Hacıqabul sahəsi; 4-cü hissə Hacıqabul-Bakı sahəsi. Bu sahələr üzrə artıq Böyük Kəsik, Ağstafa, Düyərli, Alabaşlı, Goran, Ləki, Müsüslü, Sığırlı, Hacıqabul, Ələt, Lökbatan və Keşlə stansiyalarında, ümum ilikdə 12 yeni dartı yarımstansiyası tikilib.

Hazırda tamamlama işləri görülür. Eyni zamanda kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam edir. Dartı yarımstansiyaları üzrə işlər 2016-cı ilin sonunda başa çatacaq.

Qeyd edək ki, keçmiş SSRİ məkanında ilk dəfə dəmir yolu xəttinin ellektriklləşdirilməsi Azərbaycanda həyata keçirilib.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ikinci ilində, yəni 1922-ci ildə Bakı Şəhər Deputatları Şurası paytaxtda rahat və yüksəksürətli şəhər elektrik nəqliyyatının yaradılması məsələsinin həlli ilə məşğul olmağa başladı.

1923-cü ildə ölkədə, Sovet hakimiyyəti zamanı, ilk elektrik tramvayının tikintisi üzrə işlərə başandı və 8 fevral 1924-cü ildə Bakıda ilk tramvay istifadəyə verildi.

Tramvayın istifadəyə verilməsindən sonra Bakı proletariatı, Bakı və respublikanın partiya və sovet təşkilatları Bakı-Sabunçu dəmir yolu xəttinin elektrikləşdirilməsi istiqamətində yenidənqurma işlərinə başladı.

Tramvayın istifadəyə verilməsindən cəmisi 21 gün sonra 1924-cü il fevralın 29-da, Bakı Soveti qərara aldı: "Şəhərin rayonları və bağ yerləri ilə əlaqələri təmin etmək üçün Bakı-Sabunçu-Mərdəkan-Buzovna elektrik qatarının (Abşeron şəhərətrafı elektrik sahəsinin) tikintisinə başlamaq zəruri hesab edilsin".

Keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda - 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin ellektriklləşdirilməsi işlərinə başlanmış və cəmisi 14, 5 ay ərzində həmin işlər başa çatdırılmışdır. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti