...

Allahşükür Paşazadənin İrandan xahişi: "Ermənilərin dağıtdığı abidələrimiz haqqında kitab hazırlayın" (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Noyabr 2015 16:21 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxüilslam Allahşükür Paşazadə İranın Azərbaycanda səfərdə olan təhsil naziri Əliəsgər Fanini qəbul edib.
Allahşükür Paşazadənin İrandan xahişi: "Ermənilərin dağıtdığı abidələrimiz haqqında kitab hazırlayın" (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxüilslam Allahşükür Paşazadə İranın Azərbaycanda səfərdə olan təhsil naziri Əliəsgər Fanini qəbul edib.

Trend-in məlumatına görə, qonaqları salamlayan A.Paşazadə İranla Azərbaycan arasında bütün sahələrdə yüksək əməkdaşlığın mövcud olduğunu vurğulayıb: "Hər iki ölkə tərəfindən mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi istiqamətində çox mühüm addımlar atılır".

Bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini deyən A.Paşazadə vurğulayıb ki, təhsil bizim üçün müqəddəsdir.

A.Paşazadə bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə bütün sahələr uğurla inkişaf edir.

QMİ sədri vurğulayıb ki, sovet dövründə Azərbaycanda yalnız 17 məscid olub, lakin müstəqillik qazandıqdan sonra məscidlərin sayı xeyli artıb: "Bu gün Azərbaycanda dini münaqişə yoxdur, ölkədə dinlər və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir".

O, əlavə edib ki, bu gün dünyada İslam dininə ləkə gətirməyə çalışan qüvvələr və bəzi Avropa dövlətləri var.

A.Paşazadə bundan sonra da İran ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkürün bildirən qonaq qeyd edib ki, İranla Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq qurulub: "Bu əməkdaşlığın qurulmasında din xadimlərinin də böyük rolu olub".

İranlı nazir bildirib ki, bu gün dünyada İslam dinini radikalizm kimi məsələlər təhdid edir və bu, İslamın əsl mahiyyətini, sülhsevər din olmasını təhlükə altında qoyur: "Bu gün İslam dünyasının vəhdətə ehtiyac var. Fikirayrılığı yaratmaq əvəzinə, birləşməyə daha böyük ehtiyac var".

A.Paşazadə isə deyib ki, bu gün İran bir qardaş ölkə kimi Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındadır: "Bu gün Azərbaycanın işğal olunmuş torpaqlarında məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar, məqbərələr dağıdılır. Biz işğal olunmuş torpaqlara gedə bilmirik. İranlı qardaşlarımızdan xahiş edirik ki, o dağıdılan məscidlər, ziyarətgahlar haqqında bir kitab hazırlasın. Eyni zamanda Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması istiqamətində İranın öz səylərini artıracağına ümid edirik".

İranlı nazir isə ölkəsinin bu istiqamətdə lazımi işlər gördüyünü bildirib.

O, qeyd edib ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan ərazilərindəki məscidlər, ziyarətgahlar haqqında kitab fars dilinə tərcümə olunub və bir aydan sonra bu kitab işıq üzü görəcək.

Nazir, həmçinin İranda Azərbaycan məscidləri və ziyarətgahlar haqqında fotosərginin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti