...

Türkiyədə "Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri" kitabı dərc olunub

Cəmiyyət Materials 26 Noyabr 2015 18:25 (UTC +04:00)
Türkiyədə “Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri” adlı kitab dərc olunub.
Türkiyədə "Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri" kitabı dərc olunub

Bakı. Trend:

Türkiyədə "Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri" adlı kitab dərc olunub. Əsərin müəllifi Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlıdır.

Kitabda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin (Qarabağ probleminin) aktuallığı, işğalın ümumilikdə region üçün yaratdığı problemlər, münaqişənin həllinin vacibliyi və region üçün yaradacağı faydalar, Türkiyə-Ermənistan münasibətlərindəki mövcud vəziyyətin bu baxımdan əhəmiyyəti qısaca izah olunub. Kitab iki hissədən ibarətdir. Birinci hissədə, xüsusilə Anadoluda və Cənubi Qafqazda "erməni məsələsi"nin ortaya çıxması prosesinə, o cümlədən Qarabağ probleminin səbəblərinə və tarixinə qısaca toxunulub. Daha sonra problemin həlli ilə bağlı təşəbbüslər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, beynəlxalq təşkilatların işğalla bağlı qərarları izah edilib.

Kitabın ikinci hissəsində Türkiyə-Ermənistan münasibətlərinin yaxın tarixi və münasibətlərdəki əsas məqamlar qısaca izah edilib, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması ilə bağlı təşəbbüslərə toxunulub. Türkiyə-Ermənistan münasibətləri və sərhəd məsələsi ilə bağlı Azərbaycanın mövqeyinin Türkiyədə və beynəlxalq aləmdə daha düzgün anlaşılması üçün Azərbaycan, Ermənistan və bəzi xarici dövlətlərin tezisləri ayrı-ayrılıqda dəyərləndirilib. Hər bir hissənin sonunda o hissədəki əsas mövzu ilə bağlı başlıca arqumentlər və əks arqumentlər qeyd edilib.

Kitab ali məktəblər, araşdırmaçılar və geniş oxuyucu kütləsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti