...

Fuad Qəhrəmanlı ilə bağlı müstəqil ekspertiza keçiriləcək

Cəmiyyət Materials 11 Fevral 2016 17:54 (UTC +04:00)
Fuad Qəhrəmanlı bu gün saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.
Fuad Qəhrəmanlı ilə bağlı müstəqil ekspertiza keçiriləcək

Bakı. Samir Əli - Trend:

Nardaran hadisələri ilə bağlı dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bu gün saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Müvəkkilinin saxlanma şəraiti və səhhətindən şikayəti olmadığını deyən vəkil bildirib ki, görüş zamanı bəzi məsələlər barədə müzakirə aparıb: "Görüş zamanı Fuad Qəhrəmanlı cinayət işinin icraatdan ayrılaraq məhkəməyə göndərilməsini və müstəqil ekspertizanın keçirilməsini istədi. Qərara gəldik ki, işin məhkəməyə göndərilməsi barədə Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müraciət edək. Bununla bağlı vəsatət hazırlamışam. Vəsatəti fevralın 15-də idarəyə təqdim edəcəyəm".

O, qeyd edib ki, bununla yanaşı F.Qəhrəmanlının vəkilləri müstəqil ekspertizanın keçirilməsi ilə bağlı hazırlıq işləri görür. Yaxın günlərdə ekspertiza təyin ediləcək.

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti