...

Oqtay Şirəliyev: 70-ə yaxın şəxsə böyrək, 22 uşağa isə sümük iliyi köçürülüb

Cəmiyyət Materials 11 Fevral 2016 17:53 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev Qazax ictimaiyyəti ilə görüş keçirib.
Oqtay Şirəliyev: 70-ə yaxın şəxsə böyrək, 22 uşağa isə sümük iliyi köçürülüb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tövsiyələrə uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyev fevralın 11-də Qazax şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazirliyin səlahiyyətli nümayəndələri ilə yanaşı, Qazax rayon yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Görüşdə çıxış edən səhiyyə naziri O.Şirəliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə vətəndaşların qəbulunun dövlət idarə və müəssisə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən keçirildiyini qeyd edib. Nazir vurğulayıb ki, əgər ilk aylarda qəbula 80-100 sakin müraciət edirdisə və müraciətlərdə müalicə məsələləri, xaricdə müalicə və bu kimi problemlər üstünlük təşkil edirdisə, artıq qəbula gələnlərin sayı 20-30 arası olur ki, bunlar da əsasən ölkə başçısına, problemlərinin həllinə görə səlahiyyətli qurumlara minnətdarlıq hissi ilə gələnlərdir. Bu da öz növbəsində, ölkə başçısının düşünülmüş siyasətinin, görülən işin və atılan hər bir addımın uğurlu nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin bütün sahələrinə, o cümlədən, səhiyyə sektoruna xüsusi diqqətindən danışarkən, səhiyyə naziri tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlərin bu gün də davam etdiyini nəzərə çatdırıb: "Son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən mərkəzi xəstəxanaların açılışında ölkə başçısı şəxsən iştirak edib və öz xeyir-duasını verib".

O.Şirəliyev bu yaxınlarda Gəncədə Abbas Səhhət adına xəstəxananın açılışı olacağını da qeyd edib.

Öz çıxışında səhiyyə naziri səhiyyə sahəsində dövlət proqramlarının uğurla yerinə yetirildiyini də vurğulayıb. 200 mindən çox şəkərli diabet xəstəsinin illər boyu dövlət hesabına bütün lazımi dərmanlarla təmin olunmasını, diabetli uşaqlara adi şpris-qələm deyil, dərman insulin pompası vasitəsilə yeridildiyini, xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstənin illər boyu müalicə almasının və bunun sayəsində onların ömrünün uzanmasını, ölüm göstəricisinin azalmasını və faktiki olaraq məhz buna görə də ildən-ilə belə xəstələrin sayının artmasını vurğulayıb: "Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları həyata keçirilib. 70-ə yaxın şəxsə böyrək köçürülməsi əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Hazırda ölkədə əksər növ orqan köçürülməsi əməliyyatı icra olunur və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb. Eyni zamanda ölkədə sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Təkcə ötən il 22 uşağa sümük iliyi köçürülüb. Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkənin tibb işçiləri Türkiyə, Almaniya və.s inkişaf etmiş kimi ölkələrdə tibbi hazırlıq keçir, bilik və bacarıqlarını artırırlar".

O.Şirəliyev daha sonra yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atıldığını da qeyd edib. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə lisenziyalaşdırılan tibb fəaliyyət növlərinin təşkili işini də xeyli asanlaşdırılıb.

Səhiyyə naziri çıxışının sonunda ölkədə gedən islahatların müvəqqəti deyil, daimi xarakter daşıdığını deyib: "Bu inkişafda ölkə başçısı tərəfindən səhiyyə sektorunun üzərinə qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün daha səylə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti