...

Novruz bayramı ilə əlaqədar şagirdlərin qeyri-dərs günləri açıqlandı

Cəmiyyət Materials 20 Fevral 2016 08:06 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Novruz bayramı ilə əlaqədar şagirdlər üçün necə gün dərs gününün olmayacağına aydınlıq gətirib.
Novruz bayramı ilə əlaqədar şagirdlərin qeyri-dərs günləri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi Novruz bayramı ilə əlaqədar şagirdlər üçün necə gün dərs gününün olmayacağına aydınlıq gətirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 24 dekabr 2015-ci il tarixli, 402 nömrəli Qərarına əsasən, 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.

Nazirlikdən bildirilib ki, bayramın ilk günü bazar gününə təsadüf etdiyindən bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq. Belə ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 19-u, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 mart tarixinin bazar gününə təsadüf etməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar olaraq, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 28-i dərs günü olacaq.

Beləliklə, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs günü olmayacaq.

Xatırladaq ki, ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək 8 günlük "Yaz tətili" olurdu. Tədris ilinin uzadılması və tətil günlərində müəyyən dəyişikliklərin edilməsi ilə əlaqədar bu tədris ilində şagirdlər üçün ayrıca "Yaz tətili" nəzərdə tutulmayıb.

Bu il ilk dəfə olaraq, tədris ili iyunun 14-də başa çatacaq. 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti