...

Təhsil Nazirliyi test sisteminin ləğvi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 23 Fevral 2016 15:37 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov test sisteminin ləğv olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Təhsil Nazirliyi test sisteminin ləğvi məsələsinə aydınlıq gətirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov test sisteminin ləğv olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, C.Valehov deyib ki, təhsil naziri Mikayıl Cabbarov ANS-in "Hesabat" verilişinə müsahibəsində test sisteminin ləğvi haqqında heç bir söz deməyib: "Həmin müsahibədə təhsil naziri test sisteminin ləğvi haqqında bircə kəlmə də söz işlətməyib, əksinə, müsbət tərəflərini qeyd edib. Sitat: "...Birincisi, bu gün Azərbaycanda keçirilən qəbul imtahanının məzmunu və həmin məzmunun müsbət tərəfləri. İlk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığın minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir..." Bu cavabdan göründüyü kimi, forma və məzmun tərəflərini fərqləndirməkdən söhbət gedir".

C.Valehov deyib ki, əvvəl-axır təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranacaq: "Bu testdirmi? Bəli, test ola bilər. Sadəcə, Mikayıl müəllimin qeyd etdiyi kimi, "uğurlu məzun üçün tələb olunan bir sıra bilik və kompetensiyaları ölçmək qabiliyyətinə malik olan test" olsun. Yəni bu gün xaricdə oxumağa gedən məzunun biliyini "hə" və "yox"larla deyil, yazı-oxu keyfiyyətləri ilə, hər hansı seçim variantları ilə məhdudlaşmayan tənqidi düşüncə tərzi ilə yoxlayırlar. Bu yanaşmanı artıq xarici ölkələrdə çoxdan sınaqdan çıxarırlar. Bizdən xaricə oxumağa gedənlər isə bunu yaxşı bilirlər. Hətta ölkəmizin bir sıra ali məktəblərində bu sınaqlardan keçənlər tələbə adını qazanırlar. Burada söhbət romantik vətənpərvərlikdən getmir, əslində hər iki qurumun - Təhsil Nazirliyinin və TQDK-nın rəhbərlərinin elan etdikləri kimi, tədrisin yeni məzmununu ölçən yeni qiymətləndirmə alətlərindən gedir. Bu gerçəklikdir. Dünyanın ən qiymətli əmtəəsi olan biliyin məzmunu o qədər tez dəyişir ki, onu ölçən vasitə də buna adekvat olmalıdır. Təbii ki, burada qiymətləndirmə prosesində insan amilinin istisna olunması əsas şərtdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti