...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 26 Fevral 2016 12:41 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli 23 fevral tarixli sayımızda

Milli təhlükəsizlik siyasətinin üçüncü əsas istiqaməti Azərbaycanın milli enerji təminatı və təhlükəsizliyi siyasətidir.

Müəllifin də qeyd etdiyi kimi, dövlətimiz Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Azərbaycanın bu sahədə təkcə regional səviyyədə deyil, eyni zamanda həm də transmilli enerji bazarlarında yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və qlobal səviyyədə geosiyasi və geoiqtisadi mövqeyinin möhkəmlənməsinə təsir göstərir. Azərbaycanın bir çox nüfuzlu tədbirlərə dəvət olunması (G-20, nüvə forumuna, Davos forumuna və s.) onun mövqeyinin güclənməsindən xəbər verir.

Əli Həsənov yazır: "... Enerji təhlükəsizliyi dedikdə, bütün ölkələrin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Xarici təhdidlərə geosiyasi, xaricdən qaynaqlanan makroiqtisadi xarakterli problemləri, daxili təhlükəsizliyi isə ölkənin milli enerji sektoru ilə birbaşa bağlı olan məsələləri aid edirlər.

Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır:
• strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin olunması;
• sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulması;
• yanacağın və enerji növlərinin diversifikasiyası (şaxələndirilməsi);
• ekoloji tələblərin nəzərə alınması;
• enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması;
• daxili və xarici bazarlarda enerji ehtiyatlarının lazımi gəlir gətirməsi və səmərəli ixrac üçün azad iqtisadi şəraitin yaradılması". (Bax. s. 920)

Qeyd edək ki, Azərbaycanın milli enerji təminatı və təhlükəsizliyi siyasəti haqqında bir çox rəsmi sənədlər və qanunlar qəbul olunmuşdur. Bunların sırasında "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununu, "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə" Dövlət Proqramını, "2005-2015-ci illərdə ölkənin yanacaq enerji kompleksinin inkişafı" Dövlət Proqramını, "Şah dəniz 2" təbii qaz və başqalarını göstərmək olar.

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yürüdülən siyasətə diqqət etsək görərik ki, bu sahə özünün daxili və xarici siyasətinə görə iki hissəyə ayrılır.

Daxili siyasətin əsas vəzifələrini belə qruplaşdırmaq olar:

• yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafını müəyyənləşdirmək və təmin etmək;
• yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələrinin fəaliyyətində səmərəliyin artırılması üçün müvafiq elmi-texniki və təşkilati tədbirlər həyata keçirmək;
• enerji ehtiyatlarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlakı üzrə mütərəqqi texnologiya tədbirlərin həyata keçirilməsini təmin etmək;
• yanacaq-enerji sektorunda sağlam rəqabət mühiti formalaşdırmaq;
• yanacaq-enerji kompleksinin inkişafına cəlb edilən sərmayələrin həcmini artırmaq;
• yanacaq-enerji kompleksində ekoloji təhlükəsizliyi təmin etmək;
• yanacaq-enerji ehtiyatlarının istehlakına görə ödənişlərin daha dolğun yerinə yetirilməsini təmin etmək və sairdir.
Xarici siyasətdə aşağıdakı tədbirlər həyata keçirilmişdir. Bunlardan:
• Xəzərin Azərbaycan sektorunda xarici investorların imkanlarından istifadə etməklə, enerji ehtiyatlarının istehsalı və satışı sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi, dünya yanacaq- enerji bazarında layiqli yer tutaq üçün rəqabətə davamlı məhsul çıxarılmasını;
• Ölkənin neft-qaz istehsalı və ixracının regional təhlükəsizliyinin təmin edilməsini və bu istiqamətdə beynəlxalq aləmin təminatının alınmasını;
• Azərbaycanın milli yanacaq-enerji tarazlığının yaradılmasını və daxili enerji təminatının xarici asılılıqdan çıxarılmasını;
• enerji sektorunda çevik elmi-texniki və innovasiya fəaliyyətinin təmin edilməsini, dünyada mövcud olan qabaqcıl texnoloji yeniliklərin tətbiq olunmasını və s. göstərmək olar.

Müəllifin sıraladığı bu tədbirlər siyahısı uzandıqca görürsən ki, heç də keçən dövrdə az iş görülməyib. Enerji sahəsində görülən tədbirlər nəticəsində Azərbaycan yanacaq-enerji asılılığından azad olmaqla yanaşı, müəyyən sahələrdə hətta uğurlar da qazanıb, belə ki, bu sahədə idxal edən ixrac edən ölkəyə çevrilib. Yadımdadır, 90-cı illərin sonlarına qədər nəinki rayonlarda, Bakının özündə də evlərə enerji fasilələrlə verilirdi. Qazdan heç söhbət gedə bilməzdi. Nəinki kəndlərə, rayon mərkəzlərinə qaz limitlə verilirdi. Kəndlərdə isə qaz borularını kəsib satırdılar. Bütün bunları görmüşük və yaşamışıq. İndi isə artıq demək olar ki, əksər yerlərdə qaz problemi yoxdur. İşıq isə ən ucqar rayonlarda belə fasiləsiz olaraq verilir. Bax, bu yuxarıda sadaladığımız və həyata keçirilən enerji təhlükəsizliyi sahəsində görülən tədbirlərin nəticəsidir. Azərbaycan dövləti bu sahədə ayağa durmağı bacardı və bu sahədə ixracçıya çevrildi.

Təbiidir ki, enerji təhlükəsizliyi siyasəti təkcə milli təhlükəsizliyinin, həmçinin dövlətin təhlükəsizliyi deyil, həm də vətəndaşların, infrastrukturun, vətəndaş cəmiyyətinin, bütövlükdə ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinin, daima sabitliyi, əhalinin həyat səviyyəsinin yaxşılaşmasının qarantıdır. Bunun üçün də siyasətin gələcəkdə də səmərəli və qənaətbaxış aparılmasını tələb edir.

Bu barəd Əli Həsənov yazır: "Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ölkə səviyyəsində davamlı şəkildə aşağıdakı vəzifələrin həyata keçirilməsini nəzərdə tutur:

• ölkə iqtisadiyyatının və əhalinin uyğun qiymətlərlə enerji ehtiyatları ilə davamlı təmin olunması;
• ölkənin enerji təminatı sahəsində risklərin azaldılması və baş verə biləcək böhran hallarının qarşısının alınması;
• enerji ehtiyatlarından faydalı istifadə olunması və itkilərə yol verilməməsi;
• enerji daşıyıcılarının istehsalı, neft-qaz məhsullarının çıxarılması, emalı və nəqli zamanı itkilərin azaldılması;
• enerji sektorunun potensialından istifadə zamanı səmərəliliyin artırılması;
• müasir texnoliji vasitələrdən istifadə etməklə energetikanın ətraf mühitə texnogen təsirinin azaldılması və s. ...

... Ölkənin yanacaq-energetika kompleksini daha da inkişaf etdirmək məqsədi ilə neft və qaz hasilatı sahəsində qarşıdakı illərdə aşağıdakı işlərin aparılması nəzərdə tutulur:

• yeni yataqların axtarışı və kəşfiyyatı;
• aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;
• işlənməkdə olan yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası;
• işlənməkdə olan yataqlar üzrə neftvermə əmsalının artırılması məqsədi ilə yeni texnika və texnalogiyaların tətbiqi;
• neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;
• elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə olunması və s." (Bax. s. 923-925)

Qeyd edək ki, Azərbaycan ərazisində indiyədək 43-ü quruda, 28-i Xəzər dənizindən milli sektorda olmaqla 71 neft və qaz yatağı istifadəyə verilmişdir. Hazırda bu istifadəyə verilən quyuların üçdə ikisi qədər dövriyyəyə daxil edilməsi işləri davam etdirilir və ona qədər yataq isə kəşfiyyat mərhələsindədir.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti