...

Əcnəbi tələbələr miqrasiya məsələləri ilə bağlı maarifləndirilir (FOTO)

Cəmiyyət Materials 7 Mart 2016 14:51 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü ərəfəsində respublikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbirlərin davamı olaraq təşkil olunmuş görüşlərdə əsasən miqrasiya qanunvericiliyi barədə ətraflı söhbət açılıb.
Əcnəbi tələbələr miqrasiya məsələləri ilə bağlı maarifləndirilir (FOTO)

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü ərəfəsində respublikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbirlərin davamı olaraq təşkil olunmuş görüşlərdə əsasən miqrasiya qanunvericiliyi barədə ətraflı söhbət açılıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan əcnəbi tələbələrə miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin funksiyaları izah olunub. Ölkəmizə gələn əcnəbilərin respublikamızda olma və yaşamalarını leqallaşdırmalarının qanunvericiliyin tələbi olduğu diqqətə çatdırılıb.

Qanunsuz miqrasiya halları ilə mübarizə sahəsində əldə olunmuş nəticələrə toxunulub. Qanunsuz miqranta çevrilməmələri üçün Azərbaycana təşrif buyuran hər bir əcnəbinin miqrasiya ilə bağlı müvafiq prosedurlara əməl etmələrinin vacibliyi əsaslandırılıb.

Azərbaycan Tibb Universiteti tələbələri ilə keçirilən maarifləndirmə tədbirində ölkəmizdə həyat keçirilən miqrasiya siyasəti haqqında geniş məlumat verilib.

Sonra bildirilib ki, əcnəbilərin ölkəmizdə 10 gündən artıq qalmaq istədikləri halda respublikaya gəldikləri vaxtdan 10 gün ərzində DMX-nin regional miqrasiya idarələrinə birbaşa müraciət edərək və yaxud elektron qaydada qeydiyata düşmələri təmin edilməlidir.

Görüşdə əsaslar olduğu halda Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları izah olunub.

Qafqaz Universitetində təşkil olunmuş görüşdə isə bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsindəki yeniliklər haqqında danışılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə, Azərbaycan Respublikasında olması, yaşaması, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə müəyyən olunmuş inzibati məsuliyyətdən bəhs olunub.
Tələbələr görüşə görə minnətdarlıq ediblər.

Azərbaycan Tibb Universitetində təhsil alan Nigeriya vətəndaşı Daniel Egoika bildirib ki, "hal-hazırda birinci kurs tələbəsiyəm. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları universitetimizə gələrək Miqrasiya Xidməti haqqında bizə məlumat verdilər, suallarımızı cavablandırıdılar. Müvəqqəti yaşama icazəsini necə əldə etmək olar, Miqrasiya Xidmətinə necə müraciət etmək olar kimi məsələlərə aydınlıq gətirdilər. Dövlət Miqrasiya Xidmətinin bu münasibətindən və göstərdiyi xidmətlərdən çox razı qaldıq".

Qafqaz Universitetinin ikinci kurs tələbəsi, Mozambik vətəndaşı Şakira da tədbirdən razı qaldığını bildirib. "Hər il Miqrasiya Xidmətinin əməkdaşları Universitetimizə gəlib belə görüşlər keçirirlər. Bizi miqrasiya qanunlarındakı yeniliklərlə tanış edirlər. Bu biz tələbələr üçün çox önəmlidir. Razılığımı bildirirəm", - deyə fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti