...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 7 Mart 2016 15:37 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Bunun ardınca Azərbaycan Respublikası prezidentinin 2001-ci il 2 mart tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı" və 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramı" təsdiq edilmişdir.

Sonuncu prezident tərəfindən imzalanmış "Dövlət proqramı özündə aşağıdakı, zəruri olaraq görüləcək işləri ehtiva edir:

• torpağın münbitliyinin və məhsuldarlığının artırılması, istifadə olunmayan əkinə yararlı torpaqlar hesabına əkin sahələrinin genişləndirilməsi;
• meliorasiya sistemlərinin tikintisi;
• heyvandarlığın sürətli inkişafı;
• bioloji su ehtiyatlarının potensialından intensiv istifadə olunması;
• ərzaq xammalını müasir tələblər səviyyəsində emal edən yeni texnologiyaların tətbiqi;
• aqrar-sənaye və balıq təsərrüfatı komplekslərində innavasion modellərlə işləməyi bacaran kadrların hazırlanması, onların ixtiralarının artırılması və s.

Qeyd etmək lazımdır ki, sadaladığımız bütün bu bəndlər üzrə kifayət qədər işlər görülüb və hələ də görülməkdədir. (Əkin sahələri genişləndirilib, yeni su kəmərləri çəkilib, heyvandarlıq sürətlə inkişaf etdirilir, iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı və onlara keyfiyyətli qulluq artıb, quşçuluq fabriklərinin sayı artmaqda davam edir, melorasiya sistemi ən müasir texnika və avadanlıqlarla təkmilləşdirilir, yerli xammala üstünlük verilməsi getdikcə daha çox müşahidə olunur və s.) Müəllif qeyd edir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasının qarşıda dayanan əsas vəzifələri aşağıdakılardır:

• ərzaq təhlükəsizliyinə daxili və xarici təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması;
• əhalinin qida məhsulları ilə təmin olunması sisteminə hazırlıq görülməsi;
• qida məhsullarının strateji ehtiyatlarının formalaşdırılması;
• ölkənin ərzaq müstəqilliyinin təmin olunması üçün ərzaq və xammal istehsalının sabit inkişafı;
• hər bir vətəndaşın fəal və sağlam həyat tərzi yaşaması üçün təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və s.

Göstərilən vəzifələr çox vacib şərtlər olmaqla yanaşı, sonuncu bənd- "təhlükəsiz qida məhsulları ilə təmin olunması" fikri daha da aktualdır. Belə ki, son zamanlar məhsuldarlığın artırılması və tez inkişafı, yaxud onların yetişməsi üçün genetik modifaksiya olunmuş preparatlardan istifadə olunur. Bununla da insan həmin ərzaqlardan istifadə etdikdə aqressivləşir və ya intihara əl atır, yaxud kimisə öldürmək, təhqir etmək fikrinə düşür.

Bir hadisəni danışım. 90-cı illərdə İran Azərbaycana bir litrlik şüşələrdə satış üçün spirt (bu da İslam Respublikası?) ixrac edilirdi, özü də çox ucuz qiymətə. İnsan bu spirti su ilə qarışdırıb içdikdən sonra Bakıda, eləcə də, Azərbaycanda ailə münaqişələrinin, cinayətlərin və s. çirkin əməllərin sayı artmağa başladı. Sonradan, bu spirti laboratoriyaya göndərilib yoxlatdırdıqdan sonra , məlum oldu ki, spirtin tərkibində insanı özündən çıxardan və qızışdıran maddələr mövcuddur. Rəhmətlik H. Əliyev bundan xəbər tutan kimi bu içkilər dərhal piştaxtalardan yığışdırıldı.

Yaxud, Avropada GMO-dan istifadə edərək elə maddələr hazırlayırlar ki, insan dölünə təsir edir, nəsilartırmanı sürətlə aşağı salır.

Bu səbəbdəndir ki, Avropada GMO məhsullarının istifadəsi qocalmanın sayını çoxaldıb, uşaq və gənclərin sayı xeyli dərəcədə azalıb. Bax, təhlükəsiz qida məhsulları fəal və sağlam həyat tərzinə yol açır.

Buna görə də Əli Həsənov yazır: "Ərzaq təhlükəsizliyinə nail olmaq üçün Azərbaycan dövləti iki mərhələdən ibarət milli strategiyanın həyata keçirilməsini öhdəsinə götürür:

Birincisi, İslahatlar aparıldığı müddətdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qısamüddətli və ortamüddətli keçid tədbirlərinin tətbiqi. Bu əsasən özəl fermer təsərrüfatçılığına və sahibkarlığa dövlət dəstəyinin göstərilməsi nəticəsində təmin edilir.

Bu mərhələdə tədbirlərin aşağıdakı istiqamətlər üzrə aparılması nəzərdə tutulur:

• müvafiq qanunların həyata keçirilməsinə nəzarət;
• gözlənilən ilkin nəticələrin əldə edilməsi üçün lazım olan büdcə ayırmalarının dəqiqləşdirilməsi;
• ərzaq istehsalı sahəsində müvəqqəti vergi güzəştlərinin tətbiqi məsələsinə baxılması;
• qida məhsullarının istehsalı, emalı və satışı üçün kreditlərin alınmasına kömək göstərilməsi;
• qida məhsulları istehsalçılarının ərzaq idxalından müdafiə edilməsi;
• istehlakçıların hüquqlarının təmin edilməsi və s.

İkincisi, Azərbaycanın kənd təsərrüfatında gəlirliyin və rəqabətə davamlılığın artırılması məqsədi ilə ərzaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin həyata keçirilməsi". (Bax. s. 961-962)
Milli Təhlükəsizlik siyasətinin yeddinci əsas istiqaməti Azərbaycanın informasiya təhlükəsizliyi siyasətidir.

XXI əsr infoormasiya əsridir desək yanılmarıq, çünki geosiyasi, geoiqtisadi və hərbi-geostrateji proseslərin idarə olunmasında, beynəlxalq məsələlərin tənzimlənməsində, o cümlədən milli təhlükəsizliyin qorunmasında, dövlətin və vətəndaş cəmiyyətinin inkişafında informasiyaların ötürülməsi, qorunması və onların təhlükəsizliyi əvəzsiz rol oynayır. Təbiidir ki, dövlətin informasiya məkanı, onun qloballaşması dövlətin sosial, siyasi, iqtisadi inkişafından asılıdır və həmçinin onun elmi-texniki, mədəni göstəricilərinin təzahürüdür.

Qeyd edək ki, hər bir dövlətdə olduğu kimi Azərbaycanda da informasiya sistemlərinə

• informasiya yaratma;
• informasiya ötürmə;
• informasiya ümumiləşdirməsi;
• informasiyanın təhlil etmə vasitələri və s. daxildir.

Azərbaycan müstəqillik qazandığı ilk illərdə adlarını sadaladığımız vasitələr, əsasən xarici dövlətlərin və beynəlxalq informasiya güclərinin nəzarəti altında olduğundan ölkədə informasiya təhlükəsizliyi haqqında söhbət gedə bilməzdi. Doğru olanı budur ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ, kütləvi vasitələr üzərində hər hansı senzuranın yolverilməziliyi birmənalı qaydada təsbit edilmişdir.

Bu konstitusiyadan irəli gələn müddəalara görə Azərbaycan Prezidenti 6 avqust 1998-ci il fərmanı ilə Nazirlər Kabinetinin nəzdində mətbuata nəzarət edən dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi. Bununla da plyuralist informasiya siyasətinin həyata keçirilməsinə start verilməklə yanaşı 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və 2003-cü ildə bir neçə aparıcı kütləvi informasiya vasitələrinin təşəbbüsü ilə dövlət qurumları və mətbuat arasında münasibətlərin funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranmışdır.

Qeyd etmək lazımdır ki, mətbuat və informasiyanın cəmiyyətə təhlükəsiz, manesiz ötürülməsi üçün bir çox qanunlar qəbul edilmiş, sərəncamlar imzalanmışdır. Bunları aşağıdakı kimi sıralamaq olar:

• 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunu;
• 2002-ci ildə "Televiziya və radio yayımı" haqqında qanun, buna müvafiq olaraq 2003-cü ildə TV və radio sahəsində fəaliyyəti tənzimləyən müstəqil dövlət orqanı- Milli Televiziya və Radio Şurası yaradıldı.
• 2004-cü ildə "İctimai Televiziya və radio yayımı haqqında" qanun;
• 2004-cü ildə "Dövlət sirri haqqında" qanun;
• 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanun;
• 2008-ci il iyulun 30-da Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq etmiş və yaradılan qurum 2009-cu ildən fəaliyyətə başlamışdır və s. işlər
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti