...

Bakı Metropoliteninin əməkdaşları Londonda səfərdə olub

Cəmiyyət Materials 4 Aprel 2016 15:24 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İnsan resursları və xidmət, Maliyyə və Tikinti departamentləri, İşarəvermə və rabitə xidməti üzrə əməkdaşları martın 7-dən 18-dək London metropoliteninə səfər ediblər.
Bakı Metropoliteninin əməkdaşları Londonda səfərdə olub

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İnsan resursları və xidmət, Maliyyə və Tikinti departamentləri, İşarəvermə və rabitə xidməti üzrə əməkdaşları martın 7-dən 18-dək London metropoliteninə səfər ediblər. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

QSC rəsmisi bildirib ki, səfərin məqsədi metropolitendə işə qəbul, təlim-tədris sahəsində işin təşkili, proqram təminatı, əmək-hüquq münasibətləri və həmkarlarla iş, mühasibat və uçot üzrə ən qabaqcıl informasiya proqramı təminatı, tikinti layihələrinin idarə edilməsi, dispetçer mərkəzləşmə məntəqəsində idarəetmə və monitorinq fəaliyyəti məsələləri sahəsində London metropoliteninin təcrübələrindən yararlanmaq olub.

"Bakı Metropoliteni" QSC ilə London metropoliteni arasında bağlanmış müqaviləyə əsasən müəssisənin bir qrup əməkdaşı bu səfərdən yararlanıb.

Səfər zamanı metropolitençilər London metropolitenində kadr potensialının gücləndirilməsi, kadrların seçilməsi, işə qəbulu, onların yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması istiqamətində bir sıra təlimlərdə iştirak edib, metro xətlərində tətbiq olunan müasir işarəvermə və rabitə sistemlərinin, maliyyə sahəsində yeni proqram təminatının, tikinti sahəsində yeni layihələrin idarə edilməsi fəaliyyəti ilə tanış olublar. Zamanın tələblərinə cavab verən təlim-tədris mərkəzinin təşkilinə uyğun təcrübələrin öyrənilməsi, informasiya proqramının təminatı prosesi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Səfərin sonunda əməkdaşlara təcrübə təlimlərində iştiraklarını təsdiq edən rəsmi sənəd təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti