...

"Vətənin müdafiəsinə hazıram!"

Cəmiyyət Materials 11 Aprel 2016 12:51 (UTC +04:00)
Nizami rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
"Vətənin müdafiəsinə hazıram!"

Bakı. Samir Əli - Trend:

Nizami rayonunda "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, qurumun fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirilir.

Xidmətin 2016-cı il üçün fəaliyyət planına uyğun olaraq, Nizami Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son günlər cəbhədə baş verən hadisələrdən və gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Azərbaycan ordusunun cəbhədə təxribat törətməyə cəhd edən düşmənə layiqli cavab verdiyini bildirib. General-mayor N.Orucov qeyd edib ki, cəbhədə düşmən təxribata cəhd edərkən xalqımız Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək öz lideri ilə birgə olduğunu bütün dünyaya nümayiş etdirdi.

Daha sonra çıxış edən millət vəkili Rasim Musabəyov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan ordusunun cəbhədə düşmən təxribatına əks hücumla cavab verərək işğal olunmuş kənd və yüksəklikləri azad etməsindən, xarici ölkələrin bu məsələdə Azərbaycana tam dəstək verməsindən danışıblar.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti