...

Azərbaycanda kino sahəsində güzəştlərin tətbiqi təklif edilir

Cəmiyyət Materials 12 Aprel 2016 15:47 (UTC +04:00)
Azərbaycanda kino sahəsində müəyyən güzəştlərin tətbiq olunması, yerli filmlərin istehsalından deyil, onun satışından, yayımından verginin ödənilməsi təklif edilir.
Azərbaycanda kino sahəsində güzəştlərin tətbiqi təklif edilir

Bakı. İlhamə İsabalayeva- Trend:

Azərbaycanda kino sahəsində müəyyən güzəştlərin tətbiq olunması, yerli filmlərin istehsalından deyil, onun satışından, yayımından verginin ödənilməsi təklif edilir.

Trend-in məlumatına görə, belə bir təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirdiyi iclasda "Kinomatoqrafiya haqqında" yeni qanun layihəsinin ilkin müzakirəsi zamanı "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

"Azərbaycanfilm" kinostudiyası tərəfindən təkcə 2014-cü ildə dünyanın 50 dövlətində Azərbaycan filmlərinin nümayiş olunduğunu deyən M.Hətəmov deyib ki, keçən il filmlərin çəkiliş sayı azalıb: "Proses göstərir ki, biz kinonun vasitəsilə böyük işlər görə bilərik. Lakin istehsalçı kimi bizim qanunvericilikdə ciddi problemlər var. Ölkədə çoxlu sayda özəl studiyalar yaranıb. Əsas problem isə filmin istehsalından vergi verməkdir. Təsəvvür edin ki, gənc uşaqlar bir araya yığışıb hansısa film çəkir və öz vəsaitləri hesabına vergi verirlər. Onlar sıxışdırıldıqdan sonra nəticədə özəl studiyaların, yaradıcı atmosferin və kino sahəsinin inkişafının qarşısı alınır. Buna görə də təklif edərdim ki, filmin istehsalından yox, onun satışından, yaymından vergi ödənilsin. Vergilər Nazirliyindən də maraqlansaq, kino sahəsindən əldə olunan verginin çox aşağı olduğunun şahidi olarıq".

M.Hətəmov hesab edir ki, kino sahəsində güzəştlər tətbiq edilərsə, bu sahədə bir çox irəliləyişlərə nail olmaq mümkündür.

Kino texnologiyasının ən bahalı avadanlıqlar olduğunu deyən kinostudiyanın direktorunun sözlərinə görə, həmin avadanlıqlar banklardan lizinqlə alındıqda onlar üçün 36 faiz vergi ödənilməsi tələb edilir: "Bizim 2 milyona çəkmək istədiyimiz kino vergi ilə birgə 3 milyona gəlib çıxır. Bunu da dövlətdən istəyə bilmərik".

Kinonun çox gəlirli sahə olduğunu deyən M.Hətəmov əlavə edib ki, təkcə keçən il "Azərbaycanfilm" kinostudiyası ilə əməkdaşlıq etmək üçün dünyanın 8 aparıcı beynəlxalq kino şirkəti ölkəmizdə film çəkmək istəyib: "Bu da Azərbaycana milyonlarla vəsaitin gəlməsi deməkdir. Lakin bizdə mövcud olan qanunun zəifliyi ölkəyə böyük vəsaitin gəlməsinin qarşısını alır ki, bu da kino turizminin inkişafına mane olur. Ona görə də bu sahədə lazım olan işlərdə bizə müəyyən güzəştlər tətbiq olunmalıdır. Bu güzəşt əsas texnikanın alınması üçün olmalıdır".

M.Hətəmov deyib ki, kino çox gəlirli sahə olsa da, bu sahəyə xarici şirkətlər sərmayə yatırmırlar: "Halbuki Azərbaycan bu gün kino sahəsinə lazım olan atmosferə sahib ölkə kimi dünyanın aparıcı şirkətlərinin maraq obyektindədir. Biz əsas milli filmlərimizin müştərək çəkilməsində və Azərbaycan kino xidmətçisi kimi dünyada aparıcı dövlətə çevrilməsinin tərəfdarıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti