...

Hicran Hüseynova: Övladlığagötürmə ilə bağlı qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır

Cəmiyyət Materials 13 Aprel 2016 16:18 (UTC +04:00)
Uşaq evlərindən uşaq götürüb saxlamaq istəyənlərlə bağlı qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır.
Hicran Hüseynova: Övladlığagötürmə ilə bağlı qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşaq evlərindən uşaq götürüb saxlamaq istəyənlərlə bağlı qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Milli Məclisdə təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, komitəyə imkanlı olduğunu deyən, uşaq evlərindən bir neçə uşaq götürüb saxlamaq istəyən insanlar mürciət edirlər: "Biz bu insanlara ciddi yanaşmalıyıq. Onların psixi, sosial və digər durumları nəzərə alınmalıdır. Çünki insanları çox zaman tanımaq mümkün deyil. Müraciət edəndə görürsən ki, normal şəxsdir. Araşdırma zamanı məlum olur ki, elə insanlara nəinki özgənin, heç öz uşağının tərbiyəsini etibar etmək olmaz. Buna görə də bu sahədə qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır ki, gələcəkdə ciddi problemlərlə üzləşməyək".

H.Hüseynova bildirib ki, bu gün boşanmalardan daha çox uşaqlar əziyyət çəkir.

Onun sözlərinə görə, məhkəmə qərarı çıxdıqdan sonra ata və ana uşağı öz tərəfinə çəkməyə çalışır.

Buna görə valideynləri qınayan komitə sədri onları uşaqlarının gələcəyini fikirləşməməkdə də günahlandırb: "Onlar fikirləşmirlər ki, belə olan halda uşağın sabahı necə olacaq. Araşdırma zamanı məlum olur ki, boşanan ailələr arasında elə ciddi problem olmayıb. Amma boşanmanın zərbəsi uşaqlara dəyir. Uşaq psixoloji təsir altında çox qalır. Sonra təəccüblənirik ki, uşaqlar pis vərdişlərə qurşanırlar. Biz valideynlərə sual verməliyik ki, gün ərzində yarım saat uşaqları ilə məşğul olurlarmı? Bəzilərinin xəbəri yoxdur ki, uşaqları nə işlə məşğuldur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti