...

Əli Kərimliyə qohumları da etiraz edir: "Nəslimizin çörəyi sənə haram olsun!" (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2016 12:50 (UTC +04:00)
Bu gün AXCP sədri Əli Kərimlinin evi qarşısında daha bir dinc aksiya keçirilib.
Əli Kərimliyə qohumları da etiraz edir: "Nəslimizin çörəyi sənə haram olsun!" (FOTO)

Bakı. Trend:

Bu gün AXCP sədri Əli Kərimlinin evi qarşısında daha bir dinc aksiya keçirilib.

Trend-in məlumatına görə, budəfəki aksiyada Ə.Kərimlinin qohumları iştirak ediblər.

Aksiyada iştirak edən "Azərbaycan fermeri" qəzetinin baş redaktoru, Ə.Kərimlinin əmisi oğlu Nuhəli Kərimov bildirib: "Saatlı rayonu, Azadkənd kəndindən - Əli Kərimlinin doğma kəndindən gəlmişik. Kərimlilər nəslinin ağsaqqalı kimi mən Nuhəli Kərimov görürəm ki, ermənipərəst siyasətə xidmət etdiyi üçün ona qarşı etiraz aksiyaları keçirilir. Bütün bu məsələlər bizi narahat edir. Bizim nəslimiz rayonda hörməti olan nəsildir. Onun hərəkətləri bizim nəslin ünvanına ləkə gətirir. Ona görə də biz - onun qohumları, əmisi uşaqları yığışıb bura gəlmişik ki, bilək - Əli Kərimli niyə dövlətimizdəki bu qədər nailiyyətləri, hərbi sahədə qazandığımız uğurları, qələbələri aşağılamaq məqsədilə fəaliyyət göstərir? Ermənilər, xaricdə olan düşmənlərimiz, ermənipərəsrt qüvvələr beynəlxalq mətbuatda əleyhimizə yazır, həmin fikirləri də Əli Kərimli burada təsdiq edir. Bu məsələlər bizi narahat edir. Əli Kərimli bu siyasətdən əl çəkməlidir".

N.Kərimov deyib ki, dövlətimizi dəstəkləmək lazımdır: "Nə qədər kor olmalısan ki, dövlətimizin uğurlarını, inkişafı görməyəsən. Bütün bu məsələlər bizi narahat etdiyinə görə, qohumlarımla bir yerdə etirazımızı bildirmək üçün bura gəlmişik. Dövlətimiz, xalqımız üçün bir olmaq lazımdır. Respublikamızda əldə olunan ictimai-siyasi sabitliyi, təhlükəsizliyi qorumaq təkcə hökumətin deyil, hər bir azərbaycanlının işidir. Əli Kərimli hazırda respublikamızda sabitliyi pozmaq, anarxiya yaratmaq üçün, öz şəxsi məqsədlərinə görə fəaliyyət göstərir".

Aksiya iştirakçıları "Nəslimizin çörəyi sənə haram olsun!", "Əli Kərimli, düşmən baltasına sap olma!" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, Ə.Kərimlinin sosial şəbəkədə antiazərbaycan fikirlərinə etiraz əlaməti olaraq bir neçə gündür onun evinin qarşısında aksiya keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti