...

"Təmiz Şəhər" AzMİU tələbələrinə tullantıların toplanması və daşınması prosesini öyrədir (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2016 11:05 (UTC +04:00)
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) mühazirə deyib.
"Təmiz Şəhər" AzMİU tələbələrinə tullantıların toplanması və daşınması prosesini öyrədir (FOTO)

Bakı. Trend:

"Təmiz Şəhər" ASC-nin nümayəndəsi aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) mühazirə deyib.

"Təmiz Şəhər" ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səhmdar cəmiyyətin universitetdə yaratdığı Təmiz Şəhər Mərkəzində çıxış edən Sabit Zeyniyev tələbələrə Qala qəsəbəsi timsalında "Bərk məişət tullantılarının toplanması və daşınmasının təşkili" mövzusuna dair geniş məlumat verib.

Bu qəsəbədə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC "Təmiz Qala" adlı pilot layihə icra edir. Layihə əsasında qəsəbədə məişət tullantıları sakinlərin də iştirakı ilə çeşidlənmiş formada - qida və qeyri qida tullantıları olaraq iki hissəyə bölünərək toplanır.

ASC-in tullantı daşıyan avtomobilləri isə fərqli tullantı qutularını növlərinə görə ayrı-ayrılıqda yığaraq daşıyır. Bu formada toplanma və daşınma həmin tullantı materiallarının təkrar emala cəlb olunan hissəsinin artmasına səbəb olur.

"Təmiz Şəhər" mütəmadi olaraq qəsəbədə tullantılarla rəftarla bağlı maarifləndirmə işləri də həyata keçirir. Qala məktəblərində xüsusi dərslər, məhəllələrdə sakinlərlə görüşlər və s. formalı tədbirlər əhalinin görülən işə dəstəyinin artmasına səbbə olur.

"Təmiz Şəhər"in AzMİU-da təşkil etdiyi seminarlar isə artıq ənənəvi hal alıb. Bu, universitetlə səhmdar cəmiyyət arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunur.

Razılaşmaya əsasən, universitetdə birgə elmi-texniki baza yaradılıb, nəzəri və praktiki bilik və təcrübələr mübadiləsi həyata keçirilir.

"Təmiz Şəhər" bakalavrlar üçün istehsalat təcrübələri, uyğun ixtisaslaşmalar üzrə magistrların elmi-tədqiqat işlərinin təşkilinə şərait yaradır. Tələbələrin yüksək hazırlığa malik olmaları üçün ASC-nin zavodlarında istehsalat təcrübələrində iştirak edirlər.

"Təmiz Şəhər" ASC maarifləndirmə siyasəti çərçivəsində ölkədəki əksər təhsil ocaqları ilə müxtəlif formalı əməkdaşlıqlar edir.

Səhmdar cəmiyyət bununla şagird və tələbələrin tullantıya baxışını, onunla rəftarı formalaşdırmağa, uyğun ixtisas tələbələrinin isə bu sahədə peşəkar yetişməsinə dəstək olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti