...

Bakı şəhər prokurorluğu Şüvəlan qəsəbə sakininin polis bölməsində vəfatı ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 13 May 2016 17:33 (UTC +04:00)
Mayın 12-də saat 13 radələrində 1986-cı il təvəllüdlü Şüvəlan qəsəbə sakini Sultanov Zaur Səxavət oğlunun Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokuroluğunda araşdırmalar aparılır.
Bakı şəhər prokurorluğu Şüvəlan qəsəbə sakininin polis bölməsində vəfatı  ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Mayın 12-də saat 13 radələrində 1986-cı il təvəllüdlü Şüvəlan qəsəbə sakini Sultanov Zaur Səxavət oğlunun Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokuroluğunda araşdırmalar aparılır.

Bu barədə Trend-ə Bakı şəhər prokurorluğundan məlumat verilib.

Rayon prokurorluğunun, Polis İdarəsinin əməkdaşlarının, məhkəmə tibb ekspertinin və mərhumun atası Səzavət Sultanovun iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, polis bölməsinin inzibati binasında quraşdırılmış videokamera görüntüləri götürülmüş, meyitin bədən səthində burun və dodaq nahiyyələrində olan səthi sıyrıqlardan başqa hər-hansı bir xəsarət və zorakılıq əlamətləri aşkar edilməmiş, meyit daxili müayinə olunması və ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə MTE və PA Birliyinin rayon şöbəsinə göndərilmişdir.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, qeyd edilən tarixdə Şüvəlan qəsəbə sakinləri Afiyyədin Hüseynov, Elməddin Hüseynov və Əliislam Rüstəmzadənin Z.Sultanov tərəfindən bir neçə şəxslə birlikdə həmin qəsəbədə döyülmələri barədə şikayət ərizələri əsasında sonuncu polis bölməsinə dəvət olunmuş və bölmənin həyətyanı sahəsində gözləyən zaman saat 13:40-da oturacaqdan yıxılaraq vəfat etmişdir.

Araşdırmalarla həmçinin, polis bölməsində Z.Sultanova qarşı heç bir fiziki zor tətbiq edilməməsi, bədən səthində aşkar olunmuş sıyrıqların isə onun yıxılma nəticəsində yaranması, qeyd edilənlərin videokameradan götürülmüş görüntüyə keçirilən baxış zamanı öz təsdiqini tapması, eləcə də meyitin müayinəsi zamanı ürək əzələlərində dəyişikliklər olması müəyyən edilmişdir.

Araşdırmalar zamanı şahidlərin izahatları alınmış və digər zəruri hərəkətlər icra edilmişdir.

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti