...

Əcnəbilərin qanunsuz yollarla miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə zərərsizləşdirilib

Cəmiyyət Materials 17 May 2016 12:27 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 10 nəfər Banqladeş Xalq Respublikasının vətəndaşı saxlanılıb.
Əcnəbilərin qanunsuz yollarla miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə zərərsizləşdirilib

Bakı. Trend:

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 10 nəfər Banqladeş vətəndaşı saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilir ki, araşdırma zamanı Banqladeş vətəndaşı Miah Firusun Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.

Miah Firus Türkiyədə yaşayan Banqladeş vətəndaşı Baharul Babarla əlaqəyə girərək Banqladeş vətəndaşları Bepari MD Uzzal, Amin Mohammad Nurul, Hasan MD Mahibul, Kudus MD, Hasan Mahmudulun Naxçıvan istiqamətindən Türkiyəyə keçirilməsini təşkil etməyə çalışıb. Bu məqsədlə öz həmvətənlərini aldadaraq Azərbaycana gətirib burada onları müxtəlif ünvanlarda yerləşdirib.

Təşkilatçı Mirah Firus da daxil olmaqla qeyd edilən əcnəbilər Naxçıvan Muxtar Respublikasına getməyə cəhd edərkən Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən saxlanılıblar.

Həmçinin, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qeyri-leqal yaşayan Banqladeş vətəndaşları Ahmad Rubel, Ali Muslim, Uddin Mohammad Jamir, Ahmad Mohammad Foysal saxlanılıblar.

Məlum olub ki, qeyd edilən şəxslər Azərbaycan-İran-Türkiyə-Avropa marşurutu üzrə qanunsuz miqrasiya axınına qoşulmaq məqsədilə Banqladeş vətəndaşı Nahid Neovaz tərəfindən aldadılaraq Azərbaycana göndəriliblər. Nahid Neovazın qanunsuz əməlləri Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar edilib və şəxs bu il yanvarın 25-də Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 5 ay ərzində Azərbaycan ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti