...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezident İlham Əliyevə müraciət edib

Cəmiyyət Materials 21 İyun 2016 13:29 (UTC +04:00)
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün yaradılmasının 15 illiyi ilə bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 15: Dünən, bugün və sabah” adlı konfransda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezident İlham Əliyevə müraciət edib

Bakı. Elçin Mehdiyev – Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün yaradılmasının 15 illiyi ilə bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 15: Dünən, bugün və sabah” adlı konfransda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət səsləndirilib.

Trend-in məlumatına görə, müraciətdə qeyd olunur: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi.

Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.

Dövlət Komitəsinin yaranması barədə Fərmanla Komitənin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoyuldu. Beynəlxalq aləmdə, xüsusilə regionda və ölkədə gedən proseslər, eləcə də dini durumda baş verən hadisələr Ümummilli Liderimizin bu qərarının nə qədər müdrik addım olduğunu bir daha təsdiqlədi.

Dövlət Komitəsi fəaliyyət göstərdiyi 15 il ərzində həm Ulu Öndər Heydər Əliyev, həm də Zati-Aliləriniz din sahəsi ilə yanaşı, Komitənin fəaliyyətinə də diqqət və qayğı ilə yanaşıb. Bunun nəticəsidir ki, ötən dövr ərzində Dövlət Komitəsinin kadr potensialı, maddi-texniki təchizatı yaxşılaşıb, Əsasnaməsinə bir sıra zəruri əlavə və düzəlişlər edilib.

Bu gün Sizin rəhbərliyiniz altında Ulu Öndər Heydər Əliyevin yolu ilə parlaq gələcəyə doğru inamla və sürətlə irəliləyən Azərbaycan həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib və dünyada sürətlə inkişaf edən dövlətlər sırasına daxil olub, dünya birliyinin layiqli hörmətini qazanıb.

Tam əminliklə deyə bilərik ki, Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit Heydər Əliyev məktəbinin tarixi və mütərəqqi ənənələrindən qaynaqlanan uğurlu siyasətin məntiqi nəticəsidir. Bu siyasətin yalnız Azərbaycan deyil, bütün İslam dünyası üçün mütərəqqi yol olduğunu Şeyxülislam Allahşükür Paşazadənin bu il müqəddəs Ramazan ayı münasibətilə təşkil etdiyi iftar mərasimindəki nitqinizdə bir daha vurğuladınız: “Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”.

Dövlət Komitəsinin kollekivi yüksək etimadınızı doğrultmaq və fəaliyyətini günün tələblərinə uyğun qurmaq istiqamətində əzmlə çalışır. Komitə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görür. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir və zaman keçdikcə onların həllində müsbət nəticələr əldə olunur.

Dövlət Komitəsinin 15 illik tarixi və fəaliyyəti həm də bir həqiqəti təsdiqləyir: dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində hələ çox işlər görülməlidir. Təsadüfi deyildir ki, Zati-Aliləriniz 2016-cı ili respublikamızda “Multikultiralizm ili” elan etməklə yeni hədəflər müəyyənləşdirib, qarşımızda böyük məqsəd və vəzifələr qoyub.

Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkəmizdə zamanın tələbinə uyğun şəkildə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Heydər Əliyev Fondu, Milli Məclisin müvafiq komitəsi, hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları, Qafqaz Müsəlmanları İdarəsi və digər dini konfessiyalarla birgə fəaliyyət göstərir və bu istiqamətdə kompleks tədbirlər həyata keçirir.

Zati-Alilərinizin müvafiq Sərəncamı ilə yaradılmasının on beşinci ilinin tamam olması ərəfəsində Dövlət Komitəsinin bir qrup əməkdaşının təltif edilməsini dərin minnətdarlıq hissi ilə qarşılamaqla yanaşı, kollektivimizə növbəti dəfə böyük qayğınız və etimadınız, eləcə də gələcəkdə daha uğurlu fəaliyyət üçün yüksək mənəvi dəstəyiniz kimi qəbul edirik.
Əmin ola bilərsiniz ki, Dövlət Komitəsinin kollektivi yüksək etimadınızı doğrultmaq, bundan sonra da öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək, din sahəsində mövcud məsələlərin sürətlə həllinə və dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə nail olmaq üçün var qüvvəsi ilə çalışacaq!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti